Xarici xəbərlər

Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mərasim keçirilmişdir

26-12-2010 | 11:17        

  

Dekabrın 25-də Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli mərasim keçirmişdir. 
Tədbirdə səfirliyimizin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, paytaxtda yaşayan Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər. 
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə gül dəstələri düzmüşlər. 
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Namiq Abbasov əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar müraciətinin mətnini oxumuşdur. 
Səfir bu bayramın ulu öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd edilən bu bayram sonradan Azərbaycanın bütün ərazisində qeyd edilmişdir. 
Namiq Abbasov son vaxtlar Azərbaycanda bütün sahələrdə aparılan quruculuq illəri haqqında danışmış, dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XI sammitində iştirakı və buradakı dərin məzmunlu nitqi haqqında məlumat vermişdir. 
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin ad günü ilə bağlı Özbəkistanın dövlət başçısı İslam Kərimovun ölkəmizin rəhbərinə göndərdiyi təbrik məktubunun mətnini oxumuşdur. Demişdir ki, ölkələrimiz arasında əlaqələrin nə qədər yaxın olduğunu bu təbrik məktubundan da görmək olar. 
Mərasimdə “Qarabağ” xalq çalğı alətləri ansamblının üzvləri Yusif Əliyev, Rəna Əzizova biri-birindən gözəl mahnılarımızı, İlham Abdullayev isə sazda qədim el havalarını ifa etmişlər. 
Bayram süfrəsi arxasında şənlik bir neçə saat davam etmişdir.