Mədəniyyət

“Eurovision-2011” mahnı yarışmasına hazırlıqlar davam edir

18-01-2011 | 14:34        

  

Almaniyada keçiriləcək “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil edəcək nümayəndəni müəyyənləşdirmək üçün milli seçim finalına vəsiqə qazanan beş ifaçının adı açılanıb. Final konsertində qələbə uğrunda  İlhamə Qasımova, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva və Nigar Camal mübarizə aparacaqlar.  Finala keçmək uğrunda 9 ifaçı yarışıb. Növbəti mərhələyə vəsiqə qazanan 5 ifaçı fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulan final konsertində çıxış edəcək. Azərbaycanı “Eurovision-2011”də təmsil edəcək ifaçı onların arasından seçiləcək. Qalib gələn ifaçı isə ölkəmizi  mayın 10-da keçiriləcək I yarımfinalda təmsil edəcək.  Düsseldorfda keçirilən püşkatma mərasimində 39 ölkənin hansı yarımfinalda çıxış edəcəyi məlum olub. Püşkatmanın nəticələrinə görə, mayın 10-da keçiriləcək I yarımfinalda Azərbaycan, Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə kimi ölkələrlə birgə çıxış edəcək. Mayın 12-də keçiriləcək II yarımfinalda isə İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya,  Ukrayna və digər ölkələrin təmsilçilərini dinləmək mümkün olacaq.  Hər iki yarımfinalda 19 iştirakçı yarışacaq. Yalnız 10 ölkə   mayın 14-də baş tutacaq  final mərhələsinə vəsiqə qazana biləcək. Müsabiqə “Düsseldorf Arena”da baş tutacaq. Ümumilikdə builki müsabiqədə 43 ölkə  çıxış edəcək.