Rəsmi xronika

Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın Latviya Prezidentinin xanımı L.Zatlere ilə görüşü olub

18-01-2011 | 13:31        

  


Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva yanvarın 17-də Riqada bir sıra görüşlər keçirib. Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın və Latviya Prezidentinin xanımı Lilita Zatlerenin görüşü olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Riqada “Saule” Sosial İnkişaf Mərkəzində olub. Mehriban Əliyevaya məlumat verilib ki, 1995-ci ildə beynəlxalq donorlar tərəfindən təsis olunan bu qeyri-hökumət təşkilatının məqsədi əqli cəhətdən zəif insanların öz imkanları daxilində cəmiyyətə maksimum inteqrasiya olunmasına yardım etməkdir. Təşkilat, eyni zamanda vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edir. Bu mərkəzin qayğısı ilə əhatə edilən insanların əl işləri beynəlxalq sərgilərdə nümayiş olunur. Bundan əlavə, “Saule” Sosial İnkişaf Mərkəzi beynəlxalq əməkdaşlıq çərçivəsində gənclərin beynəlxalq mübadilə layihələrində yaxından iştirak edir, müxtəlif təlim-tədris proqramlarını həyata keçirir. Azərbaycanın birinci xanımına mərkəzin reallaşdırdığı müxtəlif xeyirxah layihələr barədə də məlumat verildi. Mehriban xanım Əliyeva mərkəzlə yaxından tanış oldu, burada yaradıcılıqla məşğul olanların əl işlərinə baxdı. Sonra Azərbaycanın birinci xanımı mərkəzin üzvlərinin ifasında konsert proqramına tamaşa edib. Mehriban Əliyeva və Lilita Zatlere mərkəzin üzvləri ilə xatirə şəkli çəkdirdilər. Azərbaycanın və Latviyanın birinci xanımlarına hədiyyələr təqdim olundu. Heydər Əliyev Fondunun adından isə “Saule” Sosial İnkişaf Mərkəzinə noutbuklar təqdim edilib.