Rəsmi xronika

Prezident İlham Əliyev Latviya Seyminin sədri xanım Solvita Aboltina ilə görüşüb

17-01-2011 | 22:02        

  


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Latviya Seyminin sədri xanım Solvita Aboltina ilə görüşüb. Latviya parlamentinin rəhbəri dövlətimizin başçısına qanunvericilik orqanının binası, strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra keçirilən görüşdə Latviya Seyminin sədri bildirib ki, onun ölkəsi Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verir.
Seymdə Azərbaycan ilə dostluq qrupunun fəaliyyət göstərdiyini xatırladan sədr Solvita Aboltina Latviyanın Azərbaycan ilə parlamentlərarası əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğuladı. Gələcəkdə bu əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin inkişafının ölkələrimiz arasında ikitərəfli münasibətlərimizə böyük töhfə verdiyini vurğulayıb.
Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə edib.