Rəsmi xronika

“Azadlıq” abidəsini ziyarət

17-01-2011 | 21:58        

  

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Riqa şəhərində “Azadlıq” abidəsinin ucaldıldığı mərkəzi meydana gəliblər.
Meydanda fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçıları abidənin önünə gül qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.
Latviya Prezidenti Valdis Zatlers Azərbaycanın dövlət başçısına məlumat verdi ki, latış xalqının azadlıq rəmzi olan bu abidə 1935-ci il noyabrın 18-də ucaldılmışdır. Latviya 1918-ci ildə məhz noyabrın 18-də müstəqil respublika elan edilmişdi. 1940-cı ildə Latviya Sovet İttifaqına birləşdirildikdən sonra bu abidənin önünə gül-çiçək qoymaq, əslində, qadağan olunub. Buna baxmayaraq, latış xalqı milli azadlıq hərəkatlarının, tarixi hadisələrin ildönümünü, repressiya qurbanlarının xatirəsini burada yad edirdi. Keçən əsrin sonunda xalqın yenidən müstəqillik uğrunda mübarizəsi də məhz buradan başlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Riqanın qocaman sakini ilə söhbət etdi, xatirə şəkli çəkdirib.
Dövlətimizin başçısına abidənin yerləşdiyi meydanın ətrafında aparılmış abadlıq işləri barədə də məlumat verilib.