Rəsmi xronika

Riqada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

17-01-2011 | 18:41        

  

 

Yanvarın 17-də Latviya Prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Valdis Zatlersə təqdim olunub.

Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.

Sonra hədiyyələr təqdim edilib.