Mədəniyyət

2010-cu il Azərbaycan kinosuna nə qazandırdı?!

17-01-2011 | 17:09        

  

 

2010-cu il Azərbaycanda film sahəsinin inkişafı üçün əsaslı layihələr keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Buta”, “Tərsinə çevrilmiş dünya”, “Əlavə təsir”, “Bəşəriyyətin xilası” filmlərinin çəkilişləri ötən il tamamlandı. “Qisas almadan ölmə”, “Ondan yaxşı qardaş yox idi”, “Canlı” bədii filmləri üzərində isə hələ iş gedir. Müstəqil kino şirkətlərində istehsalı başa çatan  “Sahə”, “Ölüm növbəsi”, “Kuklalar”, “Aktrisa”, “Kabusun gözüylə” filmləri isə artıq təhvil verilib. Ötən il, həmçinin “Salnamə” və “Yaddaş” sənədli film studiyalarında tarixi-sənədli filmlər lentə alınıb. Qala kəndinin tarixindən bəhs edən “İz...Qala”, Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan dörd sənədli film, II Dünya müharibəsi qəhrəmanı Hüseynbala Əliyevə həsr olunan “Qafqaz qartalının uçuşu” sənədli filmləri çəkilib. Bu studiyalarda vətənpərvərlik mövzusunda ssenari müsabiqəsinin qalibi “Mən evimə qayıdıram” bədii filmi və “Onun ürəyi” qısametrajlı musiqili nağıl filminin çəkilişləri davam edir. “Yaddaş” sənədli filmlər studiyası tərəfindən “Tahir Salahov”, “Elmira Şahtaxtınskaya” , “Neft akademiyası”, “Qarabağa gedən yollar” və “Cənnət Səlimova” filmləri ərsəyə gəlib. “Buta-film” prodüser mərkəzində “Bakılı neft kralı” sənədli filminin, “Debüt” studiyasında “Usta Yusifin kamançası” və “Bizim qalamız” qısametrajlı bədii filmləri artıq hazırdır. “Azanfilm” studiyasında “Tırtıl” və “İt sərgisi” cizgi filmləri təhvil verilib. “Mozalan” studiyasının iki yeni buraxılışı çəkilib.Yeni filmlərin çəkilişlərində gənclərin əməyindən daha çox istifadə olunub. Gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlərsə İsveçrə, BƏƏ, Rusiya və Ukraynada, Gürcüstan, Tatarıstan, Çexiya, Almaniya, Polşa, Rumıniya və İranda keçirilən beynəlxalq kinofestivallarda nümayiş etdirilib. 2011-ci ildə çəkilmək üçün ssenarilər müsabiqəsi, “Bu meydan, bu ekran” və “Vətən and yerimizdir” kino layihələri müsabiqələri, cizgi filmləri üçün ssenari müsabiqəsi keçirilib. Gənclər müsabiqəsinin qalibləri “Günəşdə ləkələr”, “Gözlərimə gün düşür” və “Atamı çox sevirəm” qısametrajlı bədii filmləri istehsalata buraxılıb. Bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, yola saldığımız ili Azərbaycan kino sənəti üçün uğurlu hesab etmək olar.