Siyasət

LİTVA ATƏT-Ə SƏDRLİYİ DÖVRÜNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAHA ÇOX DİQQƏT EDƏCƏK

25-12-2010 | 20:22        

  

Bir neçə gündən sonra ATƏT-ə sədlik Qazaxıstandan Litvaya keçəcək. İlkin hazırlıqlar və gələcək planlar barədə danışan quruma sədrlik edəcək Litvanın xarici işlər naziri Audronyus Ajubalis fəaliyyəti dövründə Cənubi Qafqazdakı proseslərə, xüsusilə də Dağlıq Qaraba münaqişəsinin həlli yollarına daha çox diqqət edəcəyini bildirib. 
ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar tempini sürətləndirməlidir. Bu fikri 2011-ci ilin yanvarından etibarən bir il müddətində ATƏT-ə sədrlik edəcək Litvanın xarici işlər naziri Audronyus Ajubalis deyib. O daha sonra bildirib ki, Dağlıq Qarabağla bağlı çoxlu həyəcan doğuran təhlükəli siqnalların şahidi oluruq və vəziyyət bir neçə səbəbdən narahatlıq yaradır. Ölkəsinin ATƏT-ə sədrlik edəcəyi dövrdə həlli uzadılmış münaqişələrin nizamlanmasına yanaşmasını açıqlayan Audronyus Ajubalis bildirib ki, hər bir ATƏT sədri bu tip problemlərin həll yollarını təklif etmək istəyir. Audronyus Ajubalisin sözlərinə görə, fəaliyyətdə olan sədrin vəzifəsi sözdən işə keçməkdir. Gözəl nitq söyləmək kifayət deyil. Sitatın sonu. Litvanın xarici siyasət idarəsinin rəhbəri ATƏT-ə sədrliyi dövründə daha fəal olacağını və mühüm tərəflərlə məsləhətləşəcəyini, münaqişəli situasiyaların həlli üçün siyasi, maliyyə və digər məqamları səfərbər edəcəyini deyib. Onun fikrincə, ATƏT Cənubi Qafqazda daha aktiv rol oynamalıdır. Xatırladaq ki, 2011-ci ildə ATƏT-ə sədrlik Qazaxıstandan Litvaya keçir. Qazaxıstanın quruma sədrliyi dövründə paytaxt Astanada 11 illik fasilədən sonra ATƏT-in sammiti baş tutub. Sammitdə ATƏT-ə üzv olan 56 ölkənin, 12 müttəfiq dövlətin nümayəndələri, eləcə də onlarla beynəlxalq təşkilatın, o cümlədən, BMT, Avropa Birliyi, NATO, Avropa Şurası, MDB təmsilçiləri iştirak edib. Dağlıq Qarbağ münaqişəsinin həlli yolları sammitin əsas diqqət etdiyi məslələrdən olub.