Siyasət

AŞ-da islahatlar aparılacaq

17-01-2011 | 16:38        

  

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun qış sessiyasına hazırlaşır. Nümayəndə heyətimiz sessiyanın gündəliyinə salınan məsələlərin müzakirəsində yaxından iştirak etməklə, ölkəmiz üçün prioritet olan məsələləri qaldıracaq.

Yanvarın 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyanın gündəliyinə Moldovada keçirilmiş parlament seçkisi, “Şərq tərəfdaşlığı” proqramı və onun Şərqi Avropada iqtisadi inkişafa təsiri, Gürcüstanda demokratik institutların inkişafı, Bern Konvensiyasının yerinə yetirilməsi və digər məsələlər daxildir. Sessiyada insan haqları və qaçqınların vəziyyəti diqqət mərkəzində saxlanılacaq. Bununla bağlı nümayəndə heyətimiz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini yenidən gündəmə gətirəcək, ölkəmizin qəti mövqeyini ortaya qoyacaq, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası məsələsini qaldıracaq. İclasda əsas müzakirə mövzularından biri Avropa Şurasının müasir tələblərə cavab vermək, müasir prosesləri düzgün qiymətləndirmək baxımından Azərbaycan nümayəndə heyətinin də qaldırdığı təşkilatda islahatlar məsələsi olacaq. Avropanın ən qədim təşkilatı olan Avropa Şurasında islahatlarla bağlı təşkilatda xüsusi komitə də yaradılıb. Toplantıda komitənin “Avropa Şurasının islahatları” adlı məruzəsi təqdim ediləcək. Sessiyanın keçirildiyi günlərdə Strasburqda Azərbaycanın Avropa Şurasına daxil olmasının 10-cu ildönümü ilə bağlı yubiley tədbirləri  keçiriləcək. Tədbirlərdə Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, Strasburq özünüidarə orqanlarının nümayəndələri, tanınmış ziyalılar iştirak edəcək. Sessiyadan  sonra AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfər edəcəklər.