Mədəniyyət

Vikipediyaçıların I Forumu keçirilib

10-03-2014 | 13:30        

  

Azərbaycan Vikipediyaçılarının I Forumu keçirilib. Forumda bu sahənin mütəxəssisləri vikipediya ilə bağlı fikirlərini bölüşüblər.

Azərbaycan Vikipediyaçılarının I Forumunun məqsədi   Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsi aparmaq, problemləri və onların həlli yollarını müzakirə etməkdir.  Forumun moderatoru Rauf Mərdiyev bildirdi ki, eyni zamanda bu toplantıda Vikipediyanın inkişafı istiqamətində fəaliyyət planı və Azərbaycan Vikipediyasının inkişafını təmin etmək üçün təkliflər paketi hazırlanacaq. Vikipediya idarəçisi, millət vəkili Aydın Mirəzəzadə bildirdi ki, Azərbaycanda vikipediya 2004- ci ildə fəaliyyətə başlayıb. Yarandığı müddətdən etibarən təkminləşsə də, bu gün inkişafa ehtiyac var. Aydın Mirzəzadə vikipediyanın genişlənməsi ilə bağlı   təkliflərlə çıxış etdi. Bildirdi ki, vikipediyaya elmi müəssisələrin qoşulması, universitetlərdə vikipediya qruplarının yaradılması lazımdır. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı isə dedi ki, vikipediya tələbələr üçün də elmi və ictimai baxımdan vacibdir. Və tələbələr bu proqramdan yararlanmalı, eyni zamanda vikipediyanı zənginləşdirməlidirlər.  Çünki Vikipediyanın daima zənginləşməsi, onun digər ensiklopediyalarıla müqayisədə əhəmiyyətini daha da artırır.  Sonra vikipediya idarəçisi İradə Ələkbərova “Viki cəmiyyət” mövzusunda təqdimatla çıxış etdi. Qeyd olundu ki, “viki” sözünün  mənası “daha tez” deməkdir. Xatırladaq ki, Vikipediya  2001-ci ildə amerikalı proqramçı tərəfindən yaradılıb.