Cəmiyyət

“Azərbaycan qadını” jurnalının yeni saytının təqdimatı oldu

15-01-2011 | 17:15        

  

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının yeni saytının təqdimatı keçirilib. Tədbirdə dövlət xadimləri, millət vəkilləri iştirak ediblər. Jurnalın yeni sayında oxuculara ilk növbədə Milli Məclisin yeni tərkibinə seçilən 20 xanımla maraqlı müsahibələr təqdim edilir. Bu müsahibələrdə onların uşaqlıq və gənclik illəri ilə bağlı xatirələri, siyasətə, incəsənətə, tarixi abidələrə münasibətləri əks olunub. Nəşrin bu sayında həmçinin Qəbələdə keçirilən 2-ci beynəlxalq musiqi festivalı barədə yazılar təqdim olunur. “Azərbaycan qadını”nın oxucularını uçan xalçalarda qeyri-adi bir səyahət də gözləyir. Hər ilməsi bir sehr olan xalılarımız oxucuları düz Londona aparacaq və burada Heydər Əliyev Fondu ilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birlikdə təşkil etdiyi “Azərbaycan: uçan xalçalarda nağıllar dünyasına” adlı sərginin təfərrüatları ilə tanış edəcək. Jurnalda  münaqişələri silahla yox, sözlə həll etməyə qadir olan insanlar – diplomatlara da yer ayrılıb. Nəşrin “Pyedestal” rubrikasında oxucuları 1992-2006-cı illərdə Birləşmiş Ştatlarda Azərbaycanın səfiri olan, hazırda xarici işlər nazirinin müavini, Diplomatiya Akademiyasının rektoru, professor Hafiz Paşayevlə maraqlı görüş gözəyir.  Jurnalda əməkdar artist Yeganə Axundovanın yaradıcılığı, tanınmış şair Onegin Hacıqasımovun taleyi ilə bağlı zəngin materiallar var. Jurnalın hər sayının oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunması artıq bir ənənəyə çevrilib. Bu dəfə gənc qadın xanəndələrin ifasında ecazkar Muğam axşamı keçirildi. Bildirildi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin nəticəsidir ki, bəşəriyyətin şifahi və mənəvi irsinin şedevri olan muğamın təbliği və inkişafı istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb. 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf edib. Muğam YUNESKO-nun "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil olub. Təqdimat mərasiminin iştirakçıları hər bir soydaşımızın ana dili olan muğamı dinlədilər.