Siyasət

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi İKT PA-nin XIII sessiyasında da qaldırılacaq

15-01-2011 | 15:11        

  

 Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi İslam Konfransı Təşkilatı Parlament İttifaqının Əbu–Dabidə keçiriləcək 13-cü sessiyasında qaldırılacaq. Azərbaycanın qurumdakı nümayəndə heyəti toplantının sonunda qəbul olunacaq Əbu–Dabi bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı müddəanın salınması üçün sənəd də hazırlayıb.

Yanvarın 16-dan 19-dək Əbu-Dabidə İslam Konfransı Təşkilatı Parlament İttifaqının toplantıları keçiriləcək. Azərbaycanın qurumdakı nümayəndə heyətinin də təmsil olunacağı tədbirlərdə əvvəlcə təşkilatın üç daimi komitəsində İslam ölkələrini düşündürən məsələlər müzakirə  olunacaq. Qadınlar, sosial və mədəni məsələlər üzrə daimi komitədə İRSİKA və İSESKO ilə əməkdaşlığın genişləndirilməsi, qadınların cəmiyyətdə daha fəal iştirakının təminatı, sivilizasiyalararası dialoqla bağlı BMT qətnaməsinin müddəalarının yerinə yetirilməsi, dini rəmzlərin qorunması barədə beynəlxalq qanunvericiliyin yaradılması üçün BMT-yə müraciətlərin sürətləndirilməsi məsələləri müzakirə olunacaq. Yanvarın 17-də qurumun icraiyyə komitəsinin, bir gün sonra isə Şurasının toplantısı keçiriləcək. Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyavanın sözlərinə görə, şuranın iclasında təşkilatın maliyyə məsələlərinə baxılacaq və maliyyə sənədləri təsdiqlənəcək. İraq, Sudan, Əfqanıstan, Somalidəki problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.  

Hazırlanan sənədə əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində irəliləyişin olmamasından, Azərbaycan ərazilərinin indiyədək  işğal altında saxlanılmasından narahatlıq ifadə olunacaq. Ermənistanın Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin bütün humanitar normalara uyğun yurd-yuvalarına qaytarılması ilə bağlı çağırış ediləcək. Yanvarın 19-da keçiriləcək təşkilatın II Fövqəladə konfransında qurumun Nizamnaməsinə əlavələr edilməsi məsələsinə baxılacaq. Nizamnamənin yenilənməsində məqsəd ittifaqın fəaliyyətini daha da daha çevikləşdirmək, dünyada baş verən proseslərə daha operativ reaksiya verməkdir.