Cəmiyyət

Evronyus telekanalının rəsmiləri Milli Azərbaycan Tarixi Muzeyində olublar

15-01-2011 | 13:43        

  

Evronyus telekanalının müşahidə şurasının sədri Pyer Luici Malezani və kanalın Baş İcracı Direkoru Filip Kayla Milli Azərbaycan Tarixi Muzeyində olublar. Muzeylə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Eksponatlarla tanışlıq zamanı qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina, 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkü olub. Tikili Prezident İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunub və yeni görkəm alıb. Bərpa zamanı divarlardakı naxışların və bəzək elementlərinin qorunmasına xüsusi diqqət yetirilib. O dövrdə quraşdırılan qapı-pəncərələr, istilik və işıq sistemləri orijinal üslubda yenilənib. Qədim Azərbaycanın ərazisində mövcud olan Albaniya, Atropatena, Ağqoyunlular, Səfəvilər, Şirvanşahlar dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələrinin, ölkəmizin qədim dövlətçilik ənənələrinin sübutu olduğu qonağın diqqətinə çatdırılıb. Muzeyin müxtəlif zallarında nümayiş olunan 300 mindən çox nadir eksponatlarla tanışlıq qonaqları valeh edib. Orta əsr Azərbaycan əhalisinin məişətdə işlətdiyi əşyalar və tarixi sənədlər onlarda zəngin təəssürat yaradıb. Muzeydə 1918-ci il mart hadisələri zamanı Bakıda erməni daşnakları tərəfindən törədilən qırğınlarla bağlı tarixi sənədlər də xüsusi marağa səbəb oldu. Bu hadisələr barədə qonaqlara ətraflı məlumat verilib. Onlar Hacı Zeynalabdin Tağıyevə aid əşyalarla da tanış olublar. Muzeylə tanışlıqdan sonra Evronyus telekanalının müşahidə şurasının sədri Pyer Luici Malezani və kanalın Baş İcraçı Direktoru Filip Kayla muzeyin xatirə kitabına ürək sözlərini yazdılar. Sonra Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.