Siyasət

Avropa Komissiyasının prezidenti J.M.Barrosoya BDU-nun fəxri doktoru diplomu təqdim edilib

14-01-2011 | 17:00        

  

 

Bakı Dövlət Universitetində Avropa Komissiyasının prezidenti Joze Manuel Barrosoya universitetin fəxri doktoru diplomu verilməsinin təqdimat mərasimi keçirilib. Joze Manuel Barroso təqdimatdan sonra ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edib.

Bakı Dövlət Universitetinin kollektivi adından qonağı salamlayan təhsil ocağının rektoru, akademik Abel Məhərrəmov bu hadisənin universitet  üçün əlamətdar olduğunu deyib. Bildirib ki, Joze Manuel Barroso dünyanın tanınmış siyasətçilərindən biri olmaqla yanaşı, həm də elm, təhsil sahəsində xüsusi xidmətləri var. O, dünyanın bir sıra nüfuzlu universitetlərinin diplomlarına və fəxri doktoru adına layiq görülüb. Azərbaycan Avropa İttifaqı münasibətlərindən danışan rektor bunun əsas tarixinin 1999-cu ildə qurumla ölkəmiz arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sazişin qüvvəyə minməsi ilə başladığını deyib. Qeyd edib ki,   ümummilli lider Heydər Əliyev bu əlaqələrə böyük önəm verirdi. Həmin siyasəti bu gün prezident İlham Əliyev uğurla davam etdirir. Rektor bildirdi ki, Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə Joze Manuel Barrosoya fəxri doktor adının verilməsi qərara alınıb. Abel Məhərrəmov universitetin mükafatını Avropa Komissiyasının prezidentinə təqdim etdi.

Bakı Dövlət Universitetində olmaqdan iftixar hissi keçirirəm deyən Joze Manuel Barroso bildirdi ki, belə zəngin tarixə sahib, əsrə yaxın yaşı olan, çoxsaylı tanınmış ziyalılar, siyasi xadimlər yetirmiş universitetin fəxri doktoru adını almaq onun üçün böyük fəxrdir.

Sonra universitetin foyesindəki Fəxri Doktorlar guşəsinə Joze Manuel Barrosonun fotosu əlavə edilib.  O, bu prosesin iştirakçısı olmaqdan məmnun olduğunu söyləyib.

 Avropa Komissiyasının  sədrinə BDU-nun fəxri doktoru diplomu təqdim edilib