Cəmiyyət

Elmi-tədqiqat proqramlarının, layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 2011-ci il üçün 1-ci qrant müsabiqəsi elan edilib

14-01-2011 | 16:33        

  


Prezident yanında Elmin inkişafı fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə  2011-ci il üçün 1-ci qrant müsabiqəsini  elan edib. Fonddan verilən məlumata görə, 2011-ci il üçün 1-ci müsabiqədə  təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat işləri, proqram və layihələr  dəstəklənəcək. 2011-ci il üçün 1-ci müsabiqənin qrant layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 6 milyon 100 min manat vəsait  ayrılıb. Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu  12 yanvar 2011-ci il tarixindən başlayaraq bu il fevralın 11-dək davam edəcək. Qrantların verilməsi üzrə  müsabiqənin  nəticələri 4 aprel 2011-ci il tarixindən gec olmayaraq açıqlanacaq.