Xarici xəbərlər

Pakistanın Kəraçi şəhərində zorakılıq halları səngimir

14-01-2011 | 15:29        

  

 Pakistanın Kəraçi şəhərində etnik zəmində zorakılıq halları baş verib. Şəhərin müxtəlif rayonlarında silahlı hücumlar zamanı çoxsayda insan qətlə yetirilib. Pakistanın Kəraçi şəhərində qeydə alınan silahlı hücumlar nəticəsində 17 nəfər öldürülüb. Orancı-Taun rayonunda naməlum silahlılar iki sərnişin avtobusuna atəş açıblar. Nəticədə 9 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Şəhərin digər rayonlarında baş verən hücumlarda isə 8 nəfərin qətlə yetirildiyi bildirilir. Öldürülənlər arasında bir jurnalist də var. Polis, onun peşə fəaliyyətinə görə qətlə yetirildiyini güman edir. Son illərdə 15 milyon əhalisi olan şəhər cinayətkar qruplaşmalar, həmçinin siyasi qüvvələr arasında baş verən qarşıdurmalar meydanına çevrilib. Şəhərdə hindistanlı mühacirləri təmsil edən  “Müttəhid qaumi” hərəkat ilə puştunların daxil olduqları Avami milli partiyasının üzvləri arasında  toqquşmalar da intensivləşib. Mühacirlər puştunları mafiya yaradaraq şəhərdə inşaat və ticarət sahələrini qeyri-qanuni yollarla öz nəzarətinə keçirməkdə və sakinlər arasında “taliban” ideologiyasını yaymaqda  ittiham edirlər. Puştunlar isə milli mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirirlər. Bu səbəbdən də tərəflər arasında silahlı qarşıdurmalar getdikcə artır.