Bölgələr

Tovuzçay su anbarının tikintisi davam edir

06-04-2011 | 16:01        

  


Tovuzçayı üzərində 20 milyon kubmetr su tutumu olan anbarının tikintisi davam edir. Bu anbar istifadəyə veriləndən sonra 1800 hektar əkin sahəsini suvarmaq mümkün olacaq. Bununla da rayonda suvarma problemi tam aradan qalxacaq.
Ötən əsrin 80-ci illərində tikilməyə başlanan və yarımçıq qalan su anbarında inşaat işlərini ancaq son illərdə-ölkənin iqtisadi imkanlarının artması nəticəsində bərpa etmək mümkün olub. Anbarda bəndin hündürlüyü 45, qaşı üzrə uzunluğu 1340, üstdən eni 10 metr nəzərdə tutulub. 650 metr uzunluğunda qəza su tullayıcı qurğunun tikintisi artıq başa çatıb. Bu qurğunun saniyədə maksimum 250 kubmetr su ötürmə imkanı var.

Su anbarından Xunam arxına və Akstafaçay kanalına su vermək üçün kanal çəkilib, tikinti nəticəsində su altda qalma ehtimalı olan qəbiristanlıq və 2 türbə təhlükəsiz əraziyə köçürülüb, Tovuzçayı üzərində 2 körpü inşa olunub. Vahidli qəbirstanlığı ətrafında mühafizə qurğusunun inşası tamamlanıb. Tarixi abidə olan Soltan körpüsünün mühafizəsi üçün də tədbirlər görülüb. Su anbarının gələn il istifadəyə verilməsi nəzərdə tutulur.