Rəsmi xronika

Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri J.M.Barrosonun geniş tərkibdə görüşü

14-01-2011 | 14:39        

  


Yanvarın 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Jose Manuel Barrosonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqlara müraciətlə dedi:
- Cənab sədr, bir daha xoş gəlmisiniz! Sizi və nümayəndə heyətinizi burada salamlayıram. Sizi Azərbaycanda qəbul etməyimdən çox məmnunam. Qeyd etdiyimiz kimi, sizin səfərinizi gözləyirdik. Çox şadam ki, bu ili belə bir mühüm səfərlə başlayırıq və bu, bizim münasibətlərimizin səviyyəsinin və keçmişdə apardığımız əməkdaşlığın göstəricisidir. Əminəm ki, bu səfər Avropa təsisatları ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır. Münasibətlərimizin artıq yaxşı tarixi və səmərəli gələcək perspektivləri vardır. İkitərəfli gündəliyimiz çox genişdir və bu gün ətraflı şəkildə müzakirə etdiyimiz bir çox sahələri əhatə edir. Səmimi müzakirələrə və açıq söhbətə görə çox minnətdaram. Bu, çox faydalı və səmərəli oldu. Əminəm ki, bu ilin yaxşı başlanğıcı bütün məqsədlərimizin həyata keçirilməsinə zəmin yaradacaqdır. Bu baxımdan enerji təhlükəsizliyi, siyasi və iqtisadi islahatlar kimi məsələlər nəzərdə tutulubdur. Bildiyiniz kimi, Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri vardır. Ona görə hesab edirik ki, bu səfər münasibətlərimizi irəliyə doğru aparacaq və gələcəkdə biz bir çox müsbət nəticələrin şahidi olacağıq. Bir daha Azərbaycana xoş gəlmisiniz!
Avropa Komissiyasının sədri Jose Manuel Barrosodedi:
-Cənab Prezident, Bakıda olmağımdan çox məmnunam. Sizin xeyirxah dəvətinizi məmnunluqla qəbul etdim. Fikrimcə, bu səfər Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyədə olan münasibətlərin daha da genişləndirilməsi üçün fürsətdir. Azərbaycan bizim bu regiondakı etibarlı tərəfdaşımızdır. Biz bunu əvvəllər də bəyan etmişdik, indi isə bir daha bunu əyani şəkildə görürük. 2008-ci ildə ölkənizdə nümayəndəliyimizi, indi isə səfirliyimizi açmışıq. Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, artım tempiniz çox yüksəkdir. Deyərdim ki, bu, dünyada ən yüksək tempdir. Bilirəm ki, cəmiyyətiniz də çox dinamik cəmiyyətdir. Mən bunu alqışlayıram.
Eyni zamanda, Azərbaycanın beynəlxalq məsələlərdə, xüsusən də terrorçuluğa qarşı mübarizədə oynadığı mühüm rolu yüksək dəyərləndirirəm. Azərbaycan müəyyən ölkələrdə davam edən münaqişələrin qarşısının alınmasına da öz töhfəsini verir. Sizin bu məsələlərdə tutduğunuz mövqe xüsusi əhəmiyyət kəsb edir.
Təbii ki, enerji münasibətlərimizin təməl daşıdır. Biz bu məsələləri də müzakirə edəcəyik. Lakin aydın şəkildə onu da bəyan etmək istəyirik ki, münasibətlərimiz təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır. Biz ümumi maraq doğuran məsələlərə əsaslanan daha geniş münasibətlər qurmaq əzmindəyik.