Xarici xəbərlər

Kot D ivuarda silahlı qarşıdurmalar səngimir

05-04-2011 | 16:19        

  


Kot d`İvuarda vəziyyət gərgin olaraq qalır. Alassan Uattaranın tərəfdarları Abidcan şəhərində prezident postunu tərk etmək istəməyən Loran Qbaqbonun iqamətgahını ələ keçiriblər. Kot d`İvuarın iqtisadi paytaxtı hesab edilən Abidcan şəhərində prezidentpostunu tərk etməyən Loran Qbaqbo və dünya birliyi tərəfindən ölkə başçısı kimi tanınan Alassan Uattaranın tərəfdarları arasında döyüşlər ara vermir. BMT missiyası və Fransanın hərbi hava qüvvələri də Loran Qbaqbonun hərbi dəstələrinə qarşı əməliyyatlarda iştirak ediblər. “Likorn” adlı əməliyyata uyğun olaraq, Fransa hərbi hava qüvvələrinin təyyarələri Qbaqbonun Abidcan şəhərindəki iqamətgahına, həmçinin Aqbane və Akuedo şəhərlərindəki silahlı birləşmələrinə də aviazərbələr endiriblər. Siyasi analitiklər silahlı qarşıdurmanın yaratdığı gərginliyin son həddə çatdığını bildiriblər. Qeyd edək ki, Kot Divuarda vəziyyət ötən il keçirilən prezident seçkilərindən sonra gərginləşib. Səsvermənin qalibi Alassan Uattara olsa da, Loran Qbaqbo nəticələri qəbul etməyərək prezident vəzifəsində qalıb. Fikir ayrılığı səbəbindən baş verən silahlı qarşıdurmaların vətəndaş müharibəsi ilə nəticələnəcəyi istisna edilmir. BMT Təhlükəsizlik Şurası isə vəzifəsindən getmək istəməyən Loran Qbaqbo və onun ətrafındakı insanlara qarşı sanksiyalar qəbul edib.