| Azərbahcan
radiosunun fəaliyyətini iki mərhələyə bölmək olar:
müstəqilliyə qədərki və sonrakı dövrlər.
Başlanğıc
Azərbaycan
radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının
küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır
Bakı!» ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf
yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman
həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük
bir yenilik idi.
Ilk dövrdə
Bakı studiyası indiki Istiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən
Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş Ismailliyyə)
üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
Şəhər yayım
şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar
boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu.
Ikinci otaq
studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz
növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var
idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün
balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın
içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər
tərəfdən isə nəqledici xətti birləşdirirdi.
Üçüncü otaqda
döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə
örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə
kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında «Steinway»
royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü.
Studiyanın
giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında
işləyən katibə otururdular. Həmin yerdəki B-4 tipli radioqəbuledici
aparatın vasitəsilə müdir radio verilişlərinin texniki keyfiyyətini
yoxlayırdı.
Radionun
statusu
1925-ci il
aprelin 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi
600 klometr olan geniş yayımlı radio verilişləri stansiyası tikməyi
qərara aldı.
1928-ci il
mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun Əsasnaməsini
təsdiq etdi.
1932-ci ilin
aprelində Radio yayımı orqanı Mərkəzi Icraiyyə Komitəsindən alınaraq
Xalq Komissarları Sovetinin tabeliyinə verildi.
1932-ci il
iyulun 5-də Azərbaycan MIK Radio Yayımı üzrə Mərkəzi Komitənin yaradılması
barədə qərar qəbul etdi.
1933-cü il
mayın 5-də Azərbaycan Xalq Komissarları Soveti yanında Radiolaşdırma
və Radio Verilişləri Komitəsi yaradıldı.
1939-cu ilin
avqustunda Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya
Komitəsinə çevrildi.
1953-cü ildə
Radioinformasiya Komitəsi Mədəniyyət Nazirliyinin tabeliyinə verilir
və Mədəniyyət Nazirliyinin Radioinformasiya Idarəsi adlandırıldı.
1957-ci ildə
Radioinformasiya Idarəsi və Bakı Televiziya Studiyası birləşdirilərək
Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri
Komitəsi yaradıldı.
1970-ci ildə
Dövlət Radio və Televiziya Verilişləri Komitəsi təsis edildi.
1991-ci ildə
Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi.
2005-ci ildə
Azərbaycan prezidenti Ilham Əliyevin sərəncamı ilə Dövlət Televiziya
və Radio Verilişləri Şirkətinin bazasında «Azərbaycan Televiziya
və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
RV–47-dən
beynəlxalq yayımadək
Proqramlar
zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadan
kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü.
1929-cu ildə
radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio
əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə
edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir.
Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilir. Bundan
sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda
dəyişikliklər baş verir.
1920–25-ci
illərdə yalnız Bakıda və təkcə 1 ədəd 10 kilovat gücündə qığılcımlı
stansiya işləyirdisə, radionun fəaliyyətə başlamasından bir il sonra
respublikada artıq 110 stasionar və 36 səyyar radio qurğusu fəaliyyət
göstərirdi. 1930-cu ildə ölkədə cəmi 269 radio yayım məntəqəsi olduğu
halda, 1932-ci ilin sonunda onların sayı 20409-a çatmışdı. Həmin
dövrdə radio artıq mənzillərə, fəhlə klublarına ayaq açaraq mədəniyyətin
inkişafında özünəməxsus rol oynamağa başladı.
1933-cü ildə
Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 8,5 saata çatdı.
Bu dövrdə texniki vasitələrin inkişafı Azərbaycanın ucqar kənd və
rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaratdı.
1936-cı ildə
Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması
ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda,
hətta Qara dənizin şərq sahillərində eşidildi.
1940-cı ilin
sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatdı. 32
rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başladı.
1960-cı ilin
noyabrında Bakı–Ağstafa radiorele xətti istifadəyə verildi.
1961-ci ildə
Gəncə, Göyçay və Şuşada ötürücü stansiyalar işə düşdü.
Ilk cığırdaşlar
Əvvəlcə Bakı
studiyası öz verilişlərini bir saat ərzində yayırdı. Bir aydan sonra
bu verilişlərin həcmi 3 saata çatmışdı.
Verilişlər
və konsertlər Azərbaycan, rus və erməni dillərində yayımlanırdı.
Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi.
Studiyadan
əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları,
qurultaylar, konsert proqramları, xanəndələrin çıxışları, elanlar
səslənir, ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr
radio verilişlərində öz əksini tapırdı.
Radionun yaratdığı
publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında,
onun inkişaf etdirilməsində böyük rol oynadı. Həftədə bir dəfə axşam
saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər.
Efirdə «Satira atəşiylə», «Ədəbiyyatın vəzifələri», «Yeni həyat
uğrunda», «Radio saatı» kimi verilişlər səsləndirilirdi.
Binanın Sabir
bağına baxan tərəfində, ikinci mərtəbə səviyyəsində quraşdırılmış
iri reproduktor vasitəsilə radionun səsi ətraf küçələrə də yayılırdı.
Sabir bağında həmişə böyük qələbəlik olurdu, skamyalarda yer tapa
bilməyənlər verilən konsertlərə ayaq üstə qulaq asardılar.
1928-ci ildə
Bakıya qonaq gələn Maksim Qorki ilə təşkil olunan görüş Azərbaycan
Elmlər Akademiyasının böyük salonundan radio ilə yayımlanır. Azərbaycan
sakinləri görüşdə çıxış edən yazıçının səsini radiodan dinləyirlər.
Ilk verilişlərin
hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli
xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin
müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi,
Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa
Mərdanov və başqaları idi.
1927-ci ilin
fevral-mart aylarında radioya yeni kadrların cəlb olunması prosesi
başlanır. Həmin ilin ortalarında Zülfüqar Hacıbəyov radionun Şərq
musiqisi, Presman isə Qərb musiqisi üzrə rəhbərləri təyin olunurlar.
Diktor və aktyor qrupları yaradılır.
Ilk azərbaycanlı diktorlarımız
Radionun ilk
azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi
Ismayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan
Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə
olurlar.
1927-ci ilin
payızında Ismayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya
Imanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər
Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar.
Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak
olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş
xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə,
əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid
Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışırlar.
Azərbaycan
radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova,
Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev,
Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.
Müslim
Maqomayev mərhələsi
1929-cu ilin
oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi
rəhbəri təyin olunur. Həmin dövrdə Azərbaycan radiosunun verilişləri
Müslüm Maqomayevin bəstələdiyi «RV-8» radio marşı ilə açılırdı.
Bu məşhur əsər 1929-cu ilin sonunda işə salınmış RV radiostansiyasına
həsr edilmişdi. Marş ilk dəfə elə həmin studiyada ifa olunmuşdu.
1932-ci ildə
Müslim Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk
notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu. Bu orkestrin
yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir
göstərdi. Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi,
Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir
Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar
və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoydular.
Radioda o
zamanın məşhur incəsənət xadimləri Cabbar Qaryağdıoğlu, Ələsgər
Abdullayev, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov,
Hüseynqulu Sarabski, Bülbül, Qurban Pirimov, Niyazi, Səltənət Qacar,
Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Yavər Kələntərli,
Cahan Talışinskaya, Cəvahir Firudinbəyli, Əhməd Bakıxanov, Bəhram
Mansurov, Teyyub Dəmirov, Əhəd Əliyev, Azərbaycan Dövlət Opera və
Balet Teatrının orkestri çıxış edirdi.
1933-cü il
martın 8-i axşam saat 8-də Müslüm Maqomayevin təşəbbüsü ilə radioda
«Çahargah gecəsi» adlı muğam konserti təşkil olunur. Konsertdə xanəndələr
Cabbar Qaryağdıoğlu, Məşədi Bilal, artistlər Hüseynqulu Sarabski,
Zülfü Adıgözəlov, Yavər Kələntərli, Zülfüqar Sarıyev, tarzənlər
Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov,
kamançaçılar Qılman Salahov, Hafiz Mirzəliyev və başqaları iştirak
edirlər. Iki saata qədər davam edən konsertdə «Çahargah»ın «Bəstənigar»,
«Hisar», «Müxalif», «Mənsuriyyə», «Hüzzal» şöbələri və onlara uyğun
təsniflər ifa edilir.
Hüseynqulu
Sarabski, Hüseynağa Hacıbababəyov, Yavər və Münəvvvər Kələntərlilər,
Zülfüqar Sarıyev, Əlövsət Sadıqov və Bikə Səmədzadəni radioda işə
məhz Müslüm Maqomayev götürür. O, radioda ən yaxşı musiqi əsərlərinin
səsləndirilməsinə çalışır. Radioda verilən 400 musiqi əsəri araşdırılır
və onlardan 100-ü saxlanılır. Maqomayev müxtəlif bəstəkarlara yeni
mahnılar və əsərlər yazmağı sifariş etməyi də unutmur.
Radio
və Məmməd Səid Ordubadi
Ədəbi verilişlər
redaksiyasına rəhbərlik edən M.S.Ordubadi radio üçün şer, hekayə,
felyetonlarla yanaşı tamaşalar da yazırdı. Hamının böyük məhəbbətlə
«Mirzə» deyə müraciət etdiyi istedadlı ədib aktyorların və diktorların
ifa edəcəkləri rolları qabaqcadan müəyyən edirdi. Ordubadinin təşəbbüsü
ilə 1931-ci ilin iyun ayında radionun diktorlarından ibarət dram
dəstəsi yaradılır. Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva,
Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal
üzvü olurlar. Dəstəyə Leyla Terequlova rejissorluq edirdi. Dəstə
üzvləri kiçik həcmli radio kompozisiyaları, səhnəciklər hazırlayır,
bədii qiraətlə məşğul olurdular.
Səhnəciklərə
musiqini Müslüm Maqomayev bəstələyirdi. Məmməd Səid Ordubadinin
«Aprel gəlini», «Istiqraz», «Çobanlar», «6 nömrəli otaq», Soltan
Nəcəfovun «Təchizat parazitləri», «Rot-front», «Orucunuz qəbul!»
və «Din tacirləri» kimi səhnəciklərinə efir həyatı verilir.
Ordubadi radioya
Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd
Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman,
Mircəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni
əsərlərin tez-tez səslənilməsinə nail olurdu. Artıq 20-ci illərin
sonlarında bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən
ibarət idi.
Radionun fəaliyyət
dövründə M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli,
M.Müşfiq, H.Cavid, S.Hüseyn Ə.Cavad, M.C.Paşayev, S.Vurğun, M.Hüseyn,
R.Rza, S.Rəhman, I.Əfəndiyev, B.Vahabzadə, I.Şıxlı, S.Dağlı, S.Qədirzadə,
I.Hüseynov, Anar, Elçin, H.Seyidbəyli, I.Qasımov, I.Məlikzadə və
digər görkəmli nasir və şairlərimizin sənət əsərlərinin radiodan
səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına
xidmət edib.
«Radioteatr»
1931-ci ildə
Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi «Radioteatr»
yaradıldı. Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması
prosesi aktyorların fəaliyyət imkanlarının genişlənməsinə səbəb
oldu. Istedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa
Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma
Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri
valeh edirdi.
1931-ci ilini
dekabrında H.Cavidin «Şeyx Sənan» pyesi ilk dəfə radioda səsləndirildi.
Daha sonra A.S.Puşkinin «Boris Qodunov», C.Məmmədquluzadənin «Ölülər»,
C.Cabbarlının «Aydın», 1905-ci ildə», «Yaşar», «Sevil», V.Şekspirin
«Hamlet», M.F.Axundovun «Hacı Qara», Ə.Haqverdiyevin «Dağılan tifaq»
pyesləri dinləyicilərə təqdim edildi. Ilk radio tamaşaları birbaşa
efirə çıxarılırdı.
1953-cü ildə
istehsalat işində maqnit lentinin tətbiqi Radio teatrının inkişafında
yeni mərhələ açdı. Bu dövrdə S.Vurğunun «Xanlar», I.Əfəndiyevin
«Bahar suları», Ə.Məmmədxanlının «Şərqin səhəri», I.Qasımovun «Xəzər
üzərində şəfəq» pyesləri montaj edilərək efirdə səsləndirildi. Daha
sonra C.Cabbarlının «Almaz» və «1905-ci ildə», N.Nərimanovun «Bahadır
və Sona», S.Rəhimovun «Mehman», M.Ordubadinin «Qılınc və qələm»,
N.Qoqolun «Müfəttiş», A.Qriboyedovun «Ağıldan bəla», A.Puşkinin
«Yevgeni Onegin», I.Şillerin «Vilhelm Tell», C.Bayronun «Abidos
gəlini» kimi əsərləri Azərbaycan radiosunun repertuarını zənginləşdirdi.
Ü.Hacıbəyovun «Arşın mal alan», «O olmasın, bu olsun» musiqili komediyalarının,
N.Hikmətin «Kəllə» əsərinin tamaşaya qoyulması da cəmiyyətdə müsbət
əks-səda doğurdu. 1958-ci ildə isə Mehdi Məmmədov bu tamaşanı radionun
tələblərinə uyğunlaşdırdı. Radio tamaşaları yaradan bir sıra rejissor
yetişdi: Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq Ismayılov, Həsən
Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqaları.
30-cu
illər…
1932-ci
ildə radioda qəzet məqalələrinin oxunması ləğv edilir və bunun əvəzində
efirə «Son xəbərlər» proqramı çıxır. Həmin ilin oktyabrında Informasiya
redaksiyası da yaradılır.
1935-ci ildə
struktur dəyişikliklərindən sonra radioda «Ədəbi dram», «Kolxozçu
radiosu», «Qızıl əsgər» və «Gənclər» redaksiyaları fəaliyyət göstərirdi.
1936-cı il
martın 23-dən aprelin 6-dək SSRI-də ilk dəfə Ümumittifaq radio festivalı
keçirildi. Ittifaq miqyasında ən böyük radio tədbiri olan bu festivalda
28 dildə musiqi proqramları səsləndirildi. Bakı radiosu hər gün
təxminən 3 saat Moskvaya qoşularaq bu mədəniyyət tədbirini yayırdı.
Azərbaycan radiosunun festival üçün hazırladığı proqram əsasən Ü.Hacıbəyov
və M.Maqomayevin əsərlərindən ibarət idi. Bundan başqa, «Azad olunmuş
türk qadınları sarayı» qadın şərq alətləri orkestrinin çıxışları,
eləcə də tarzən Qurban Pirimovun müşayiəti ilə xanəndə Hüseynağa
Hacıbababəyovun ifasında «Şahnaz» muğamı da proqrama daxil edilmişdi.
1937-ci ildə
respublikamızın 12 rayonunda xalq yaradıcılığı festivalı keçirildi.
Radio festivalının yekun konsertləri efirə 5 rayondan birbaşa verildi.
1938-ci il
iyulun 18-də birinci çağırış Azərbaycan SSR Ali Sovetinin I sessiyasının
açılışı da radio ilə yayılır.
Lakin 30-illərin
ortalarından başlayaraq ictimai-siyasi həyatda gedən proseslər radio
üçün də ağrılı keçdi. Radiodan təbliğat vasitəsi kimi istifadə edən
sovet rejimi «danışan səs»i gah qolçomaqlara və digər «sinfi düşmənlərə»,
gah da «xalq düşmənlərinə» qarşı mübarizədə alət kimi işlətməyə
başladı. Cəmiyyətdə hökm sürən qorxu xofu radioda da mövcud idi.
Ədəbi ictimaiyyətin sevimlisinə çevrilmiş H.Cavid, M.Müşfiq, S.Hüseyn,
Ə.Cavad kimi şair və yazıçıların əsərləri, A.M.Şərifzadənin, Ü.Rəcəbin
və digərlərinin səsləri artıq radiodan eşidilmirdi. Jurnalistlər
və radio işçiləri hər bir hərəkətlərində, danışıqlarında ehtiyatlı
olmağa çalışırdılar…
Müharibə
dövrü
Bakı müharibə
zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu II Dünya müharibəsi
zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci
il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə
diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər
verdi.
Azərbaycan
radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha
çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər
gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi. Həmin dövrdə
xəbər buraxılışlarının sayı artmış, Azərbaycan radiosunun gündəlik
verilişlərinin həcmi 5 saat çoxalmışdı. Əsas ağırlıq isə «Son xəbərlər»
redaksiyasının üzərinə düşürdü: mühüm məlumatlar, dövlət qərarları
30 dəqiqə ərzində tərcümə edilərək Azərbaycan dilində səsləndirilirdi.
Ağır müharibə dövrünün ən sevilən verilişi «Azərbaycan – cəbhə üçün»
idi. Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi.
Radio jurnalistləri təkcə xəbərlər və dramatik boyalı verilişlər
deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən gücləndirən
proqramlar hazırlayırdılar. Müharibə zonasında Azərbaycan əsgərləri
ilə tez-tez görüşlər keçirən S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim,
M.Ibrahimov, M.Hüseyn, Ə.Vəliyev, M.C.Paşayev və digər yazıçı və
şairlər radioda odlu-alovlu çıxış edirdilər. Vətənpərvərlik mövzularında
yazılmış pyeslər, tematik yazılar dinləyicilərin diqqətinə çatdırılırdı.
Təsadüfi deyil
ki, SSRI rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə
qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq 1945-ci il mayın
2-də xüsusi qərarla mayın 7-sini Radio günü elan etdi. Həmin gün
uzun illər boyu Azərbaycanda da bayram edildi. Amma 1992-ci ildən
Azərbaycan radiosu əsl bayramına qovuşdu. Ölkəmiz dövlət müstəqilliyini
əldə etdikdən sonra noyabrın 6-sı «Azərbaycan Televiziya və Radio
işçilərinin peşə bayramı» elan olundu.
Lakin 1941–1945-ci
illərdə Azərbaycan radiosunun böyük fədakarlıq göstərən əməkdaşları
heç cür ağıllarına belə gətirə bilməzdilər ki, artıq 45 ildən sonra
onlar əsl Vətən müharibəsi ilə üzləşəcəklər: hər gün Qarabağ cəbhəsindən
Müdafiə nazirliyinin məlumatlarını yayacaq, digər yadelli ordunun
köməyilə ermənilər tərəfindən Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli,
Ağdam, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal olunması, Xocalı soyqırımının
dəhşətləri barədə xəbərləri doğma xalqımıza çatdırmalı olacaqlar.
Düz 45 il
sonra – 1990-cı il yanvarın 20-də azərbaycanlı jurnalistlərin vaxtilə
vəsf və təbliğ etdiyi sovet ordusu Azərbaycan xalqının silahsız
oğul və qızlarının üzərinə yeriyəcək, II Dünya müharibəsi zamanı
bütün SSRI-ni neftlə təmin edən paytaxtımız Bakının küçələrində
günahsız həmvətənlərimizin qanını axıdacaq…
Beynəlxalq
fəaliyyət
1941-ci ildə
SSRI hökuməti radio təbliğatını Türkiyə və Iranda yaymağı məqsədəuyğun
hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars
dillərində verilişlər hazırlayan iki redaksiya yaradır. Türk dilində
verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər
redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir.
1941-ci il
iyulun 20-də «Burası Bakı», «Inco Baku» ifadələri ilk dəfə Azərbaycan
radiosu ilə verilən sınaq verilişlərində səsləndirilir. Həmin verilişlər
1941-ci il avqustun 18-dən müntəzəm olaraq «Bakının səsi» çağırışı
altında dünya efirinə çıxır.
O dövrdə xaricə
yayımlanan radio təbliğatına Məmməd Səid Ordubadi, Mikayıl Rəfili,
Cəfər Xəndan, Qulam Məmmədli, Adil Əfəndiyev, Lətif Kərimov, Mübariz
Əlizadə, Ələsgər Məmmədov, Abbas Gülməmmədov, Cəfər Hacıyev, Hüseyn
Məcnunbəyov, Cabbar Cabbarov, Fazil Babayev, Mina Bayramova, Şərif
Vəliyev və digər tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar
öz töhfələrini verirdilər. Verilişlərdə sovet məlumat bürosunun
xəbərləri, ziyalıların radio ilə çağırışları Iran və Türkiyə əhalisinə
çatdırılırdı.
1950-ci ildə
türk və fars redaksiyalarının əsasında Xarici verilişlər baş redaksiyası
yaradıldı. 1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər
gün azərbaycanca 1 saatlıq veriliş yayımlanan redaksiya da bu quruma
daxil edildi. 50-ci illərdə bu baş redaksiyaya Muxtar Hacıyev rəhbərlik
edirdi.
1959-cu ildə Azərbaycan radiosunda ərəb dilində verilişlərin yayımı
başlandı. Bu redaksiyada diktor vəzifəsinə Iraq türkmənlərindən
olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunmuşdu. Qısa
müddət ərzində bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu
və bu ölkələrdən təqdir məktubları gəlməyə başladı.
1974-cü ildən
radioya, o cümlədən Xarici yayım bölümünə tanınmış yazıçı-jurnalist
Aqşin Babayev rəhbərlik edirdi. O dövrdə xarici verilişlərin baş
redaktoru Kərim Axundov, proqram direktoru isə Eldar Əliyev idi.
1976-cı il
yanvarın 1-dən redaksiyaların statusu yüksəldi və onlar ayrı-ayrılıqda
baş redaksiyaya çevrildi.
Irana verilişlər
baş redaksiyasının tərkibindəki azərbaycanca verilişlər hazırlayan
şöbə 1980-ci il martın 1-dən ayrıca baş redaksiyaya çevrildi.
80-ci illərdə
Azərbaycanın xarici ölkələrə veriliş yayan qurumu efirdə hər gün
farsca 2 saat 15 dəqiqə, türkcə 2 saat, ərəbcə 1 saat, xaricdəki
soydaşlarımız üçün Azərbaycan dilində 1 saat fəaliyyət göstərirdi.
1986-cı ildə
farsca verilişlərin həcmi 1 saata endirildi, Azərbaycan dilində
yayılan verilişlərin həcmi isə 2 saat 45 dəqiqəyədək artırıldı.
«Ana dili», «Körpü», Ovqat, «Elin sazı, elin sözü» verilişləri azərbaycanlı
həmvətənlərimiz arasında şöhrət qazandı. Maraqlıdır ki, bu gün də
Azərbaycan radiosunda «Körpü», «Ovqat» verilişlərinin efirdən səslənməsinə
baxmayaraq, Ictimai Televiziya fəaliyyətə başladıqdan sonra eyniadlı
verilişlər yayımlamağa başladı.
Yarım saat
ərzində efirə gedən «Ana dili» verilişində Iranda yaşayan azərbaycanlı
dinləyicilərə Azərbaycan dilinin qrammatikası və şifahi danışıq
dili öyrədilir. «Körpü» verilişi məktublar, telefon zəngləri və
studiyaya gələn qonaqlarla söhbət əsasında fəaliyyət göstərir. Bu
verilişin vasitəsilə indiyə qədər neçə-neçə qohum uzun müddət ayrılıqda
yaşadıqdan sonra bir-birinə qovuşa bilib.
1992-ci il
noyabrın 26-da «Azərbaycan Beynəlxalq Radiosu» yaradıldı. Bu qurum
ingilis, alman, fransız, rus, erməni, talış, kürd, ləzgi, gürcü
dillərində proqramlar hazırlayırdı. Beynəlxalq radio bir müddət
orta və qısa dalğalarda hər gün 8 dildə dünya efirinə çıxır və müstəqil
ölkəmiz barədə 10 saatlıq veriliş yayırdı.
1992–1993-cü
illərdə Beynəlxalq radionun direktoru Vaqif Bayatlı idi. Sonra bu
vəzifəyə Çərkəz Qurbanlı təyin olundu. 1996-cı ildən Beynəlxalq
radioya Cahangir Bağırov rəhbərlik etdi. 2007-ci ilin əvvəlindən
direktor əvəzi səlahiyyətlərini Mehman Vəliyev yerinə yetirməyə
başladı.
2007-ci ildən
isə bu qurumda yeni dəyişikliklər həyata keçirildi. Qərb verilişləri
redaksiyasının hazırladığı ingilis, alman və fransız dillərində
verilişlər ləğv edildi.
Hazırda orta
və qısa dalğalarda Beynəlxalq radio hər gün azərbaycanca 5 saat,
rusca 1 saat, ermənicə 1 saat, farsca 1 saat, türkcə 1 saat, ərəbcə
1 saat, həftədə 3 dəfə gürcücə 20 dəqiqə, 2 dəfə kürd və ləzgi dillərində
15 dəqiqə veriliş yayılır. Yarım saatlıq «Vətən» proqramının da
15 dəqiqəsi azərbaycanca, digər 15 dəqiqəsi isə ermənicə efirə verilir.
Müharibədən
sonrakı dövr (1945-1970)
Müharibədən
sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər
baş verdi. 1949-cu ildən elektromaqnit səsyazma texnikasının radioda
tətbiqi imkanların genişlənməsinə, verilişlərin keyfiyyətinin yüksəlməsinə
yardım etdi.
1949-cu ildə
Azərbaycan radiosunda futbol reportajlarının təməli qoyuldu. Birinci
reportajı məşhur idman şərhçisi Aleksandr Qnezdov aparırdı. Yalnız
7 ildən sonra – 1956-cı ildə Respublika stadionundan futbol oyunu
ilk dəfə radionun diktoru Sabutay Quliyev tərəfindən Azərbaycan
dilində şərh olundu.
1951-ci ildə
yaradılan II proqram respublika radiosunun fəaliyyət dairəsini genişləndirdi.
1956-cı ildə Azərbaycan radiosunun yaranmasının 30 illiyi qeyd olundu.
Bu zaman Bakıdan hər gün Azərbaycan, rus və erməni dillərində artıq
19 saat veriliş yayılırdı. Radioda ictimai-siyasi, ədəbiyyat, musiqi,
sənaye, kənd təsərrüfatı, uşaq, gənclər proqramlarının hazırlanmasına
üstünlük verilirdi. Efirdə hər gün 12–15 konsert proqramı səsləndirilirdi.
1956-cı ildən
televiziyanın fəaliyyətə başlaması radionu öz işini rəqabət şəraitində
qurmağa məcbur etdi. Radio xalq yaradıcılığı və bəstəkar mahnıları,
ədəbi əsərlər hesabına öz fondunu zənginləşdirdi. Bu dövrdə xalq
çalğı alətləri orkestrinə artıq Səid Rüstəmov rəhbərlik edir, bəstəkarlardan
Hacı Xanməmmədov, Qəmbər Hüseynli, Nəriman Əzimov və başqaları bu
orkestrdə fəaliyyət göstərirlər.
60-cı illərin
ortalarında radio və televiziyanın kamera, estrada-simfonik orkestrlərinin
yaradılması, «Qaya» vokal kvartetinin meydana gəlməsi xalq, estrada
və simfonik musiqilərin təbliğində radionun imkanlarının artırdı.
70-ci illərin
ortalarında «Sabahınız xeyir», «Axşam görüşləri», «Bulaq», «Natəvan»
qızlar klubu, «Lirika dəftərindən», «Muğam saatı», «Arzu» musiqi
poçtu, «Yazıçı və zaman», «Mahnı şəhəri gəzir», «Teatr mikrofon
qarşısında» kimi verilişlər dinləyicilərin ruhunu oxşayır.
«Qızıl
fond»
Radionun
«Qızıl fond»unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar
mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub
saxlanılır.
1968-ci ildə
radionun fonotekasında 24 minə qədər, 1980-ci ildə 40 mindən çox
musiqi və digər sənət incilərinin lent yazısı var idi. Hazırda onların
sayı 100 minə çatıb.
Fonotekada
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev (baba), Cəfər Cabbarlı, Səməd
Vurğun, Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Niyazi, Əlövsət
Sadıqov, Hüseynağa Hacıbababəyov, Rəşid Behbudov, Şövkət Ələkbərova,
Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Tükəzban Ismayılova,
Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev,
Islam Rzayev, Nəzakət Məmmədova, Baba Mirzəyev, Müslüm Maqomayev
(nəvə), Polad Bülbüloğlu, Mirzə Babayev, Vaqif Mustafazadə, Rafiq
Babayev, Flora Kərimova, Akif Islamzadə və digərlərinin lent yazısı
saxlanılır.
Azərbaycanın
görkəmli sənət ustalarının radionun «Qızıl fondu»nda saxlanılan
çıxışları ədəbi dilimizin mükəmməlliyini nümayiş etdirməkdədir.
Tanınmış səhnə ustaları Mirzağa Əliyev, Mərziyə Davudova, Ələsgər
Ələkbərov, Hökumə Qurbanova, Fatma Qədri, Ismayıl Hidayətzadə, Rza
Təhmasib, Mustafa Mərdanov, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Mövsüm
Sənani, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Əli Zeynalov, Süleyman
Tağızadə, Mehdi Məmmədov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Həsənağa
Turabov, Səməndər Rzayev, Məhluqə Sadıqova, Hamlet Qurbanov, Şəfiqə
Məmmədova, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Amalya Pənahova, Əlabbas
Qədirov, Mikayıl Mirzə, Əminə Yusifqızı, Həsən Əbluc və digərləri
radiodakı çıxışları ilə dinləyiciləri riqqətə gətirməklə yanaşı,
onlara səlis danışıq dilini təlqin edirdilər.
Vaxtilə Ələsgər
Ələkbərovun ifasında lentə alınmış Qorkinin «Arxip baba və Lyonka»,
Səməd Vurğunun «Vaqif», habelə Mirzağa Əliyevin ifasında «Məşədi
Ibad», Mustafa Mərdanovun ifasında Məmmədquluzadənin «Qurbanəli
bəy» kimi əsərləri bu gün «Qızıl fond»un xəzinəsi sayılır. Burada
hətta S.Vurğunun «Vaqif» əsərinin erməni dilində səslənən variantı
mövcuddur.
«Araz»ın
gəlişi
1964-cü
il oktyabrın 15-də Azərbaycan radiosunun «Araz» xəbərlər və musiqi
proqramı ilk dəfə efirə çıxdı. «Araz»ın çağırış musiqisi Fikrət
Əmirovun idi. «Araz» əvvəlki dövrdə dinləyicilərə 12 saatlıq veriliş
təqdim edirdi. Müəyyən müddətdən sonra isə radionun I proqramı ilə
yayımlanan bəzi verilişlər «Araz» vasitəsilə təkrar olunurdu.
«Araz» radiosunun
yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir
Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı,
Valid Sənani, Yalçın Əlizadə, Ilyas Adıgözəlov, Hidayət Səfərli
və başqaları böyük rol oynadılar.
Informasiya
proqramlarının çevikliyini təmin etməkdən ötrü radionun birinci
proqramındakı xəbər buraxılışının strukturu və adı dəyişdirildi.
1966-cı il iyulun 13-dən «Son xəbərlər» efirdə «Günün səsi» adı
ilə yayılmağa başlandı. 1968-ci ildə radionun xəbərlər redaksiyası
hər gün birinci proqramla və «Araz» proqramı ilə 24 dəfə efirə çıxırdı.
Müstəqillik
dövründə Azərbaycan radiosu «Araz» proqramını müstəqil struktura
çevirməyi qərara aldı. 1993-cü ilin noyabrında onun bazasında 2
redaksiya yaradıldı: Informasiya və ictimai-siyasi proqramlar redaksiyası
və Xalq yaradıcılığı redaksiyası. Lakin 1998-ci ilin dekabrında
bu strukturdan da imtina edildi.
1988-ci
ildə başlanan təlatüm
1988-ci
ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio da televiziya
kimi Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin
yanvarında özünü daha da qabarıq şəkildə göstərdi.
Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu
susdurmağa cəhd edir. Televiziyanın enerji blokunu partladıb sıradan
çıxarmaqla yanaşı, Azərbaycan radiosunun əməkdaşları da efirdən
uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm
içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira
dolu məlumatları ötürülürdü.
Lakin həmin
faciəli günlərdə Azrəbaycan radiosunun Xaricə yayım redaksiyası
20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya
çatdıra bildi. Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn
Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və
rus dillərində bəyanatlarla birbaşa efirdə çıxış etdi. O, tökülən
günahsız qanlar üçün bütün məsuliyyətin SSRI orqanlarının və onların
vəzifəli şəxslərinin üzərinə düşdüyünü, Azərbaycan xalqının öz oğul
və qızlarının faciəli surətdə həlak olmasını heç kimə bağışlamayacağını
bəyan etdi. Həmin bəyanata istinadən hazırlanan məlumat yanvarın
21-də efirə veriləndə texniki işçilər onu lentə yazdılar və gün
ərzində bir neçə dəfə səsləndirməyə nail oldular. Xaricə yayım redaksiyası
bu bəyanatı ərəb ölkələrinin, Iranın Tehran, Təbriz və Türkiyənin
Ankara radioları vasitəsilə bütün dünyaya yaydı. Bakıda «məskən»
salmış hərbi komendatlıq Beynəlxalq radionun dalğalara malik olmasını
tamam unutmuşdu…
Müstəqillik
dövrü
1991-ci
ildə dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran
vəzifələri kökündən dəyişdirdi. Radio verilişlərində demokratiya
ab-havası duyulmağa başlandı, cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək
meylərini gücləndirən proqramlara üstünlük verildi.
Qarabağ uğrunda
erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün
Müdafiə nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər
hissləri gücləndirən «Açıq-aşkar», «Xudafərin», «Sözün düzü», «Baxış
bucağı», «Dünya», «Pillə», «Çevrə», «Radio-atmaca», «Molla Nəsrəddin»,
«Yol», «Yuva», «Vaxt», «Dan yeri» kimi verilişlər hazırlanır, hərbi
marşlar səsləndirilirdi.
1993-cü ildə
ölkəmizdə baş verən Gəncə hadisələri, Heydər Əliyevin Naxçıvandan
Bakıya dəvət olunması barədə məlumatlar, Milli Məclis iclaslarından
birbaşa yayımlar, 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»
sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayılırdı.
Müstəqillik
dövründə özəl radio kanallarının yaranması, onların FM dalğasında
fəaliyyətə başlaması Azərbaycan radiosunun da rəqabət şəraitində
çalışmasına, dinləyici auditoriyasının parçalanmasına gətirib çıxardı.
Lakin özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi nümayiş
etdirməsi fonunda Azərbaycan radiosu mühafizəkar ənənələrin daşıyıcısı
kimi görünsə də, onun bu illərdə ədəbi dilimizin qorunmasına və
saflığına xidmət etməsi amilini inkar etmək də mümkün deyil. Amma
informasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən
sahədə, o cümlədən Azərbaycan radiosunda da texnoloji, istehsalat
və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edir.
|