Biz o torpaqdan yaranmışıq... - Cəbrayıllı ailələrdən reportaj

Biz o torpaqdan yaranmışıq... - Cəbrayıllı ailələrdən reportaj

20 Oktyabr, 11:32 Sosial mediada paylaşın:

Oktyabrın 19-u günə qələbə xəbəri ilə başladıq. Yenə bir tvit, bir cümlə, 1 müjdəli xəbər minlərlə insanın yarasına məlhəm oldu, köksünü qabartdı. Yurdumuzun işğaldan azad olunması xəbərinə yurd qədər sevindik. 27 illik qaranlıq yuxudan ayıldıq, 27 illik zülmətin sonuna vardıq, üzərimizə günəş doğdu, içimizdəki ümid toxumu çiçək açdı.

Cəbrayılın İsaqlı kənd sakini Yunus Yusifov deyir ki, Bakıdakı Çinar ağacından yurdunun qoxusunu alır: “Cəbrayılda bir Xan çinarımız var idi. O qədər böyük çinar idi ki, böyük bir əraziyə kölgə salırdı. İndi qapımızın ağzında bir Çinar var, onu Bakıya gələndə əkmişəm, gözüm kimi baxmışam. Hər görəndə elə bilirəm Cəbrayılımdayam. O vaxt ermənilər atəş açanda çinarın sağ qolunu vurdular, sındırdılar. Onda dedim ki, bizim ağsaqqalı yaraladılar, həmin gün çox ağlamışdım...”

Bizim üçün Qarabağ torpaqdan ötədir. Sadəcə yurd, el, oba deyil. Xatirələrdir. Kiminin uşaqlığı, gəncliyi, sevgilisi, dostu, valideynləridir Qarabağ. Bu gün bu qəhərin, bu göz yaşlarının arxasından boylanan sevincdir Qarabağ. Müqəddəsdir...

Şəfiqə Yusifova da İsaqlıdandır. Cəbrayıldan gətirdiyi torpağı illərdir saxlayır: “Bu, Cəbrayıl torpağıdır. O vaxt deyirdim ki, Cəbrayıla bu torpağı, qayınatamın təsbehini götürüb gedəcəyəm. Deyirdilər ki, düşmənlər səni vuracaqlar. Deyirdim bu torpaq qoymaz... İndi nəvələrim harasa gedəndə, kimsə uzaq yola düşəndə bu torpağı onların alnına, üzünə sürtürəm, müqəddəs torpaq onları qoruyur”.

Artıq “kaş”, “o gün olsun” ifadələrini Qarabağ üçün işlətməyəcəyik. O gün elə bu gündür.

Səkinə Hacıyeva

CANLI YAYIM