Azərbaycan Müdafiə Nazirliyi: "Cəbhədə vəziyyət gərgin olaraq qalır"

Azərbaycan Müdafiə Nazirliyi: "Cəbhədə vəziyyət gərgin olaraq qalır"

16 Oktyabr, 11:02 Sosial mediada paylaşın:

Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərindəki bölmələrimizin mövqelərini və cəbhə xəttinə yaxın kəndləri dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.

Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Ermənistan rəhbərliyi bunun qarşısını almaq məqsədilə Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.

Ermənistan ordusunun 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır. Həmçinin düşmənin 10-cu alayının müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb. Bundan başqa, 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.

Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayır.

CANLI YAYIM