Ermənistanın Tərtərə vurduğu ziyan açıqlanıb

Ermənistanın Tərtərə vurduğu ziyan açıqlanıb

28 Sentyabr, 11:29 Sosial mediada paylaşın:

Sentyabrın 28-də səhər saat 07 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulub. Düşmənin ağır artilleriyadan intensiv atəşi nəticəsində Azad Qaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəyib, rayonun əsas strateji körpüsünə və polis şöbəsinə zərbələr endirilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıxarx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb, bina sakinləri təxliyə olunub.

Həmçinin işğalçı ölkənin silahlı qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonunun Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmiləri düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvan tələf olub.

Hazırda Prokurorluğun əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunaraq cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirir.

CANLI YAYIM