Bakıdakı maraqlı göydələnlər: onlar necə tikilir?

Bakıdakı maraqlı göydələnlər: onlar necə tikilir?

23 Sentyabr, 11:37 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının yeni mövsüm üçün hazırladığı layihələrdən biri inşaat sahəsi ilə bağlıdır.

“Yüksələn Bakı” adlı layihə maarifləndirici xarakter daşıyır. Burada yeni tikinti layihələri ilə yanaşı mühəndis peşəsinin incəlikləri, eləcə də memarlıqda yeni texnologiyalardan bəhs ediləcək.

Verilişin rejissoru Nihad İsa layihə ilə bağlı danışarkən bildirib ki, burada paytaxtın siması olan, hər hansı qurumların inzibati binaları ilə yanaşı, restavrasiya və rekonstruksiya olunmuş tarixi-memarlıq abidələrindən də danışılacaq: “Verilişin müstəvisini çoxşaxəli etmək istəyirik. Bura həm də yaşayış binaları daxildir. Biz yeni tikilmiş binaların tikintisində hansı materiallardan istifadə olunduğu, təhlükəsizlik qaydalarına nə qədər riayət edildiyi, zəlzələyə davamlı olub-olmadığını araşdıracağıq.

Məsələn, Bayılda bir rezidensin tikdiyi binanı çəkmək istəyirik. Bilirsiniz ki, Bayıl sürüşmə zonasıdır. Məhz buna görə bina tikilməmişdən əvvəl buraya Yaponiyadan mütəxəssislər gəlib və süxurların sürüşməməsi üçün böyük və maraqlı layihə işləyiblər. Tamaşaçı üçün bu və bu tip maraqlı yaşayış binalarını da çəkib göstərmək gələcək planlarımıza daxildir”.

“Yüksələn Bakı”nın ilk buraxılışında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasından bəhs ediləcək.

Veriliş ayda iki dəfə efirdə olacaq. İlk buraxılış bu gün saat 21:30-da yayımlanacaq. “Yüksələn Bakı”nın aparıcısı Tural Məmmədlidir.

CANLI YAYIM