Ağcabədidə bir sıra təhsil müəssisəsi yenidən qurulur

19 Avqust, 15:49 Sosial mediada paylaşın:

Məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti dövlətin daim diqqət mərkəzindədir. Belə ki, ölkə üzrə hər il yeni təhsil ocaqları tikilir və əsaslı təmir olunur. Ağcabədi rayonunda da körpələr evi-uşaq bağçası yenidən tikilir,  İmamqulubəyli kənd tam orta məktəbi isə əsaslı təmir olunur. Hər iki təhsil müəssisəsi yaxın vaxtlarda istifadəyə veriləcək.

Ağcabədi şəhərində fəaliyyət göstərən 2 saylı körpələr evi-uşaq bağçası 1690-ci ildə inşa olunub. O vaxtdan bəri məktəbdə təmir görülmədiyindən bina qəzalı vəziyyətə düşmüşdü. İndi isə təhsil müəssisəsi yenidən qurulur. Belə ki, köhnə bina sökülüb, yerində ikimərtəbəli, daha geniş, çox sayda uşaq qəbul edə biləcək bağça tikilir.

2 Saylı körpələr evi-uşaq baxçasının əvvəlki binası ötən əsrin 60-cı illərində tikilib istifadəyə verilmişdir. Burada 75 uşağın təlim tərbiyyəsi ilə məşğul olunurdu. Yeni binada isə əvvəlkindən fərqli olaraq 75 deyil, 100 uşağın təlim tərbiyyəsi nəzərdə tutulur.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan bağçanın  ümumi sahəsi 1600 kvadratmetrdir. Burada uşaqların təhsili və istirahəti üçün hər cür şərait yaradılır. Əsas binada müxtəlif təyinatlı otaqlar, bufet, mətbəx və tibb kabineti fəaliyyət göstərəcək. Bağçada uşaqların asudə vaxtların səmərəli təşkili üçün geniş oyun meydançası inşa edilir. Sözügedən təhsil müəssisəsinin bu ilin oktyabrında istifadəyə verilməsi planlaşdırılır.

***

Ağcabədi rayonu Sadıx Kərimov adına İmamqulubəyli kənd orta məktəbində də əsaslı təmir işləri aparılır. Məktəbin binası yenidən suvanıb, tavan, pəncərələr dəyişdirilib və döşəmələr vurulub.  60 şagird yerlik 3 əlavə sinif otağı isə yenidən tikilir. İşlərin yaxın vaxtlarda yekunlaşması və şagirdlərin yeni tədris ilinə tam təmirli binada başlaması nəzərdə tutulub.

Kənd sakini İlqar Alyarov:  

- Bu məktəb 1972 ci ildə tikilməsinə baxmayaraq təmir olunmamışdı. Mən özüm də bu məktəbdə oxumuşam. 80-cı illərdə oxumuşam. Məktəbin istilik sistemi, demək olar ki yox vəziyətində idi. Dizel və odun yanacağından istifadə edilsə də, məktəb pəncərə qapı sarıdan cox bərbad olduğu üçün istilik təmin edilmirdi. Bu idən çox sevinirik. Kənd camaatı sevinir ki, bu məktəbdə əsaslı təmir gedir.

İş icraçısı Elmin Hüseynov:

- Müasir istilik sistemi ilə də təmin olunub. İçəridə son işlər gedir. Tamamlanma işləri gedir. Əlavə asfalt işi var… Bundan əlavə, 3 sinif otağından ibarət bina var, onu da təmir edirik. Bu tədris ilinə hazırdır, istifadəyə veriləcək.

***

Şagird və müəllim heyətinin rahat hərəkətini təmin etmək məqsədilə məktəbin həyətinə tamet döşənəcək, giriş hissədən başlayaraq məktəbə qədər olan əraziyə isə asfalt vurulacaq.