Daha bir avtomobil yolu yenidən qurulur

Daha bir avtomobil yolu yenidən qurulur

19 Avqust, 15:10 Sosial mediada paylaşın:

Dövlət başçısının Sərəncamına uyğun olaraq, Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur. Yolun tikintisi 8 min nəfər əhalinin rahat gediş-gəlişini təmin etməklə, bölgədə turizmin və kənd təsərrüfatının inkişafına təkan verəcək.  

Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir. Uzun müddət təmir olunmadan istismarı və təbii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Yolun yenidən qurulması mövcud problemləri aradan qaldırır. Layihəyə uyğun olaraq, yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla yenidən qurulur. Yol boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, yolun torpaq yatağının təmir-bərpa və genişləndirilməsi işləri aparılır. Yol əsasının alt və üst layının tikintisindən sonra asfalt-beton örtüyünün döşənməsinə başlanıb. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 220 min kvadratmetr sahəni əhatə edəcək. Bundan başqa çiyin hissələrin bərkidilməsi və giriş-çıxış yollarının təmiri də nəzərdə tutulur. Yol boyu yararsız vəziyyətə düşən mövcud suötürücü boruların yeniləri ilə əvəzlənməsinə ehtiyac yarandığından layihədə 46 dairəvi dəmir-beton suötürücü borunun, 2 su keçidinin və dəmir-beton konstruksiyalı körpünün tikintisi nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Azərbaycan Televiziyasına müsahibəsində bunları deyib: “Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq”.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu nişan və məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

CANLI YAYIM