1176 şagird yerlik yeni məktəb tikilir - REPORTAJ

1176 şagird yerlik yeni məktəb tikilir - REPORTAJ

14 Avqust, 16:28 Sosial mediada paylaşın:

Son illərdə Sumqayıt şəhərində aparılan tikinti-quruculuq işləri təhsil sahəsini də əhatə edir. 16 məktəb əsaslı təmir edilməklə minlərlə şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Hazırda isə respublika prezidentinin sərəncamına əsasən Sumqayıt şəhər 9 saylı tam orta məktəbi üçün 1176 şagird yerlik yeni bina tikilir.

Sumqayıt  şəhərinin İnşaatçılar qəsəbəsində 9 saylı tam orta məktəbin qəzalı vəziyyətə düşən binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir. Yeni bina 1176 şagirdin təhsil alması üçün layihələndirilib. Çünki köhnə binada şagird sıxlığı yaşanıb. 2008-ci ildə yeni tədris korpusu tikiləndən sonra da şagird sayını yalnız 620 nəfərə qədər artırmaq mümkün olub. Dövlət başçısının sərəncamına əsasən yeni məktəbin tikintisi bu çətinliyi də həll edir. Binanın tikitisinə aprel ayında başlanılıb və artıq xeyli iş görülüb.

Sahə rəisi İntiqam İsmayılov:

- Əvvəllər bu məktəb iki mərtəbəli məktəb olub, eyni zamanda, qapalı demək idman zalı olmayıb, akt zalı olmayıb , biz yeni məktəb binası tikirik, idman zalının hazırda dam örtüyü vurulur. Məktəb müasir məktəb olacaq, laboratoriyalar olacaq, əmək otaqları olacaq, qapalı idman zalı olacaq. 465  nəfərlik akt zalımız da var.

Bir sözlə, məktəbdə şagirdlərin yüksək səviyyəli təhsil almaları üçün müasir standartlara uyğun şərait yaradılır. Bu isə tədrisin keyfiyyətini yüksəltməyə imkan verəcək, məktəbin uğurları artacaq.

Rövşən İmanov (müəllim):

- Köhnə binada həm müəllimlər, həm şagirdlər çox əziyyət çəkirdi. Təşəkkür edirik ki, köhnə məktəbimiz sökülərək, belə bir müasir tipli məktəb inşa edilir. Biz bu məktəbdə, şagirdlərimizin gələcəyi üçün gözəl vətəndaşlar yetişdirmək üçün əlimizdən gələni edəcəyik.

Sumqayıtın orta məktəb məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. Bu həm də məktəblərdə tədris şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Son illərdə Sumqayıtda 16 məktəb binası əsaslı təmir edilərək yeni avadanlıqla da təchiz olunub. Ötən il 21 nömrəli tam orta məktəb üçün dördmərtəbəli, 540 şagird yerlik yeni tədris korpusu inşa edilib. Yeni dərs ili ərəfəsində 9 məktəbdə, eləcə də "İstedad" və "Təfəkkür" liseylərində  təmir işləri aparılır.

 

 

CANLI YAYIM