Azərbaycanın Xarici İşlər naziri Rusiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Rusiyanın ölkəmizdəki səfiri ilə görüşüb

28 İyul, 20:40 Sosial mediada paylaşın:

İyulun 28-də Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib. Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqisi üçün yeni imkanların açılması baxımından önəmli olduğu qeyd edilib. Nazir hər iki ölkənin dövlət başçıları səviyyəsində mövcud olan dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlət başçılarının mütəmadi xarakter daşıyan qarşılıqlı səfərlərinin, eləcə də və ötən ilin sonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiyaya etdiyi rəsmi səfərin iki ölkə arasında təşəkkül tapmış intensiv dialoq və əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Ümumilikdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə əməkdaşlığın inkişafından razılıq ifadə edilib.

Səfir Boçarnikov Mixail Ceyhun Bayramovu təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin geniş perspektivlərindən bəhs edib. Qlobal pandemiya ilə mübarizə şəraitində bəzi layihələrin təxirə salındığını qeyd edən Rusiya səfiri hətta bu şəraitdə belə iki dövlətin əməkdaşlığının davam etdiyini və Rusiyanın Azərbaycana istər tibbi ləvazimat, istərsə də təcrübə mübadiləsi şəklində dəstəyinin davam etdirildiyini söyləyib. Pandemiya zamanında iki ölkə vətəndaşların geri qaytarılması ilə bağlı hər iki ölkə tərəfindən tədbirlərin həyata keçirildiyi və bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Söhbət əsnasında, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan–Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədəki cari vəziyyət, eləcə də xarici ölkələrdə radikal erməni qüvvələrinin dinc azərbaycanlı nümayişçilərə və diplomatik nümayəndəliklərə qarşı nümayiş etdirdiyi aqressiv davranış barədə müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribatı və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığı, əksinə beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə növbəti dəfə üzləşdiyi vurğulanıb.

Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqların aparılmasının vacibliyini vurğulayıb, eyni zamanda, bu danışıqların real və mahiyyət üzrə aparılmasının vacibliyini qeyd edib. Həmsədr İqor Popov ilə telefon söhbətinə istinad edən nazir Ceyhun Bayramov Azərbaycanın danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak etmədiyini və ölkəmizin nəticəyə yönəlik danışıqlar tələb etdiyini bildirib.

Səfir Mixail Boçarnikov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin hər zaman ölkəsinin diqqət mərkəzində saxlanıldığını qeyd edib. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində Rusiyanın münaqişənin həlli ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib.

Görüş zamanı tərəflər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

CANLI YAYIM