“BMT-nin baş katibinin Prezident İlham Əliyevə zəng etməsi diplomatik uğur sayılır” - AzTV-də müzakirə

“BMT-nin baş katibinin Prezident İlham Əliyevə zəng etməsi diplomatik uğur sayılır” - AzTV-də müzakirə

23 İyul, 18:10 Sosial mediada paylaşın:

“BMT-nin baş katibi Antonio Quterreşin Azərbaycan Prezidentinə zəng etməsi və Ermənistan-Azərbaycan sərhədində baş verən hadisə ilə bağlı mövqe ifadə etməsi diplomatik uğur sayılır”.

Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində Milli Məclisin deputatı Ramil Həsən deyib. O bildirib ki, əvvəllər belə mövqe olmayıb: “BMT baş katibi hər gün hər hansı dövlət başçısına zəng etmir. Bu da məsələnin ciddi olduğunu, Azərbaycan Preidenti tərəfindən hücum diplomatiyasının nə dərəcədə önəmli və vacib olduğunu göstərməkdədir. Əvvəllər belə bir mövqe yox idi və belə telefon zənginin olduğunu xatırlamıram. Nadir hallarda olacaq hadisələrdəndir. “Status-kvo həmişəlik davam edə bilməz” ifadəsini BMT baş katibinin dilindən eşitmək Azərbaycanın ən önəmli uğurlarından biri sayıla bilər”.

Verilişin digər qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov da BMT-nin status-kvo ilə bağlı mövqeyini Ermənistana mesaj kimi qiymətləndirib: “Çünki məhz bu təşkilat tərəfindən Azərbaycanın ərazisinin işğalı ilə bağlı 4 qətnamə qəbul olunub və indiyə qədər icra olunmayıb. Bu qətnamələrdə açıq şəkildə qoşunların Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələbi var. Əgər BMT-nin baş katibi status-kvonun bu formada qala bilməyəcəyini açıq şəkildə bildirirsə, bu o deməkdir ki, bu birbaşa Ertmənistana olan mesajdır. Yəni onlar beynəlxalq hüquq qarşısında öz öhdəliklərini yerinə yetirməlidirlər”.

Proqramın tam versiyasına AzTV-nin rəsmi “YouTube” kanalından baxa bilərsiniz.

CANLI YAYIM