Ölkənin bank sektoruna nəzarət sahəsində yenilik

7 Avqust, 15:19 Sosial mediada paylaşın:

Ölkənin bank sektoru beynəlxalq Bazel Qrupu ilə əməkdaşlığa başlayır. Qrupun əsas məqsədi nəzarət orqanları arasında müzakirələr formatında bank nəzarəti məsələlərində qarşılıqlı təcrübə mübadiləsinin təmin edilməsinə nail olmaqdır. Bazel Konsultativ Qrupu Bazel Komitəsinin üzvləri qarşısında xüsusi öhdəlik yaratmadan nəzarət orqanları arasında vahid platformanı formalaşdırır. Hazırda Bazel komitəsi bankların beynəlxalq standartlarını müəyyən edən qurum kimi çıxış edir və bütün qabaqcıl ölkələrin bank nəzarətindəki standartları bazel standartlarına əsaslanır.

Əgər indiyədək Azərbaycan bank sektoru Bazel Konsultativ tövsiyələrinə onlayn müraciət edirdisə, bundan sonra bu əlaqələr real münasibətlərə əsaslanacaq. Konsultativ qrupa üzv olmaqla Azərbaycan maliyyə qurumları geniş dialoq platformasına çıxmaq imkanı qazanır.

Komitənin qərar və standartları məcburi hüquqi qüvvəyə malik olmasa da, təcrübə göstərir ki, inkişaf etmiş bütün banklar həmin standartlardan istifadə etməyə maraq göstərir. Daha çox forum xarakterli platforma olan Komitənin məqsədi qlobal miqyasda minimum kapital tələbini müəyyən etmək və maliyyə sabitliyinə nail olmaqdır.

***
Bank Nəzarəti üzrə Bazel Komitəsi bank nəzarəti üzrə prudensial standartları müəyyən edən orqan olub 1974-cü ildə 10 ölkə - Belçika, Kanada, Fransa, Almaniya, ABŞ, İtaliya, Yaponiya, Niderland, İsveç və Böyük Britaniya tərəfindən yaradılıb. Hazırda Konsultativ qrupda 29 üzv ölkə var. Bura üzv olmaqla ölkənin bank sektoru da geniş dialoq platformasına çıxmaqla bank sistemi üzrə tənzimləmə və nəzarət sahəsində qabaqcıl ölkələrin təcrübəsindən yararlanacaq. Bu sahədə ölkədə mövcud qanunvericiliyin Bazel standartlarına tam uyğunlaşdırılmasına, habelə Bazel Komitəsində təkliflərlə çıxış etməyə imkan  yaradacaq.

Aztv.az