Prezident İlham Əliyev Pirallahı rayonunda “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Pirallahı rayonunda “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olub

7 Avqust, 15:02 Sosial mediada paylaşın:

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olublar.

Beş hektar sahəsi olan kompleksdə uşaqlar üçün mini futbol və iki oyun meydançası, müxtəlif attraksionlar, yelləncəklər, idman qurğuları, söhbətgahlar və fəvvarə quraşdırılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunan bu istirahət guşəsində, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün səhnə də inşa edilib.

Dövlətimizin başçısı və birinci xanım parkda Qarabağ müharibəsi əlillərinin “ASAN xidmət”in “Ailə Biznesinə Asan Dəstək” proqramı çərçivəsində nümayiş etdirilən rəsm əsərlərindən və müxtəlif səpkidə dekorativ əl işlərindən ibarət sərgiyə baxdılar.

İstirahət məkanında “Ahılların Günərzi Mərkəzi” də fəaliyyət göstərir. Mərkəz Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu ilin iyun ayında imzaladığı Sərəncama əsasən yaradılıb. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıla növbəlilik əsasında pulsuz xidmət göstəriləcək.

Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənib. Bu tədbirlərin tərkib hissəsi olaraq yeni parkların yaradılması, mövcud istirahət məkanlarının isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahətinin hərtərəfli təşkili baxımından böyük rol oynayır. Bütün bunlar, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar. Əhaliyə xidmət göstərən bu kimi müasir layihələrin icrası son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin real nəticəsidir.

Sonra dövlətimizin başçısı və birinci xanım “Mirvari” Park Kompleksində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

CANLI YAYIM