Bundan sonra məcburi köçkün statusuna dair arayışın alınması üçün vətəndaşlar vaxt itirməyəcəklər. Yeni yaradılan xidmət vətəndaşlara heç yerə getmədən internet üzərindən müvafiq sənədi əldə etmək imkanı verir.
Bu, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində aparılan ardıcıl işlər çərçivəsində həyata keçirilir. Məqsəd məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığın təminidir. Bu çərçivədə qaçqın və məcburi köçkünlərə arayışın verilməsi elektronlaşdırılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev deyib ki, bu günə qədər məcburi köçkünlər sözügedən arayışı əldə etmək üçün dövlət komitəsinin rayonlar üzrə nümayəndəliklərinə getməli idilər: “Artıq müvafiq arayışı elektron xidmətlərdən istifadə etməklə əldə edə biləcəklər”.
Yeni sistem vətəndaşların da ürəyincədir. “Neçə gün idi ki, iş yerimdən məcburi köçkün olduğum haqqında arayış tələb edilirdi. Nə yaxşı ki, bu sistem işə düşdü, artıq rahat şəkildə evdən çıxmadan arayışı ala biləcəm”, - deyə məcburi köçkün Atabəy İsmayılov əməkdaşımıza bildirib. Daha bir məcburi köçkün Mirnahid Bəşirov deyib ki, pandemiya müddətində hərəkət məhdudiyyəti olduğu üçün dövlət idarələrinə getməsi qismən çətinləşib: “Artıq evdə oturduğumuz halda həmin arayışı ala bilirik”.
Qeyd edək ki, məcburi köçkün statusunu təsdiq edən arayışı elektron qaydada alınması “myGov” portalına daxil olmaqla mümkündür. Bunun üçün vətəndaş “ASAN imza”dan istifadə etməlidir.
Xatırladaq ki, indiyədək məcburi köçkün statusunu təsdiqləyən arayışı almaq üçün vətəndaşlar müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəliklərinə müraciət edirdilər.
Samir Namiqoğlu, Zaur Dadaşov