Astara bulvarından REPORTAJ

Astara bulvarından REPORTAJ

1 Avqust, 15:37 Sosial mediada paylaşın:

Son illərdə həm əhalinin istirahəti, həm də turizmin inkişafı üçün bütün şəhərlərdə yeni park, xiyaban, istirahət guşələri yaradılıb. Hətta dəniz və çay sahəllərində bulvarlar da salınıb. Astaralılar da park-bulvarları ilə fəxr edirlər. Sahiliboyu salınan bulvar bu gün həm rayon sakinlərinin, həm də qonaqların üz tutduğu gözəl istirahət məkanıdır.

Şəkil çəkdirən, dənizi seyr edən kim, ağacların kölgəsində oturub dincələn, pürrəngi Astara çayından içən kim… Balıq tutan, mavi suya baş vurub yayın həzzini çıxaran kim...

Antonina  Cavadova (turist):

-          Biz Rusiyanın surqut şəhərindən gəlmişik. Gəlmişik bu gözəllikləri seyr etməyə. Axşam vaxtı bura daha füsunkar olur. Buranın təmizliyi, dənizi, gözəlliyi bizi həqiqətən heyran etdi. Hər şey xoşumuza gəldi.

***

Qarşımızda 52 m hündürlüyündə qürur mənbəyimiz olan 3 rəngli bayrağımız, solumuzda mavi sulu Xəzərimiz və sayrışan işıqlar. Bura ölkəmizin ən iri turizm məkanlarından olan Astaranın park bulvarıdır. Bura hər gün minlərlə həm yerli sakinlər, həm də ətraf rayonlardan olan sakinlər axın edir.

 

Rafiq Əliyev (sakin):

-          Bütün əhali axşam yemək yeyən kimi birbaşa uşaqlarını götürüb bura gəlir. Əvvələr belə mənzərəli deyildi. Son 3-4 ildə bu park salındı. Astaralıların istirahət mərkəzinə çevrildi. Hər cür şərait yardılıb burda. Günü-gündən də gözəlləşir. Astaradan istirət etmək üçün başqa rayonlara, başqa ölkəyə getmək  lazım deyil. Hamısı burda var

 

***

Bəli, burada hər şey var. Qədim tariximizdən xəbər verən möhtəşəm qala divarları, fəvvarə kompleksi, süni şəlalələr. Bundan başqa, atçılıq mərkəzi, velosiped zolağı, attraksionlar, oturacaqlar, çimərlik...  İlk mərhələdə 5 hektar ərazidə yaradılan  dənizkənarı bulvarın uzunluğu 700 metr olsa da, parka gələnlərin sayı günü-gündən artdığından ərazini genişləndirmək zərurəti meydana gəldi. Çox keçmədi ki, bulvarın ərazisi 20 hektara, uzunluğu isə 1,5 km-ə  çatdırıldı.

 

Fuad Musayev (sakin):

- Səhər tezdən gəlirik gəzintiyə çxırıq. Axşam da insanlar, kəndlərdən, ucqar yerlərdən, hətta qonşu rayondan Lənkərandan, Masallıdan, Biləsuvardan bura gəzintiyə gəlirlər. Gənclərin asudə vaxtını maraqlı keçirməsi üçün şərait var burda.

Bəhram Fətullayev (turist):

-           Əslən qubadanıq. Bakıda yaşayırıq.  Təsəvvürümüzə gətirə  bilməzdik ki, Astarada belə bir istirahət  yeri var. Çox xoşumuza gəldi. Azərbaycanın bütün bölgələri gözəldir. Amma hər bölgə özünəməxsus mədəniyyəti, mətbəxi var. Bunları gəlib öz gözünlə görüb şahidi olmaq xoş təəssüratlar yaradır. Qayıdandan sonra yaxınlarımza deməyə sözümüz var. Şəkillər çəkdirdik. Aparıb göstərəcəyik (gülür – P.N.).

 

 

Mina Qocayeva (turist)

-  Şirvandan gəlmişik.  Bulvar çox gözəl, təmiz. İnsanları saf. Demək olar, hər şey var. İnsanın istirahəti üçün hər şey var. Şəkillər çəkdirik , paylaşırıq. Dostlarımız bəyənirlər, gəlmək istəyirlər.

 

Şahin Qocayev (turist):

- Burda yüksək keyfiyyət, səliqə-səhmanın şahidi olduq. İnsanların əylənməsi üçün gözəl bulvar yaradıblar. Təmizdir. Bütün atraksionlar var. Dəniz qırağında restoranlar var. Çox gözəl istirahət edirk. Havası gözəl, təbiəti gözəl. Parkı gözəl...

 ***

Bir sözlə, bulvar Astaranın simasını dəyişməklə yanaşı turizm imkanlarını da artırır. Park  hətta xarici qonaqlar üçün də cəlbedicidir. Füsunkar gözəlliyi və göz oxşayan sahil mənzərəsi ilə turistləri özünə heyran qoyan Astara park-bulvarının gecələri xüsusilə möhtəşəmdir. Ərazi  boyunca  müasir  işıqlandırma sistemi, sahilə baş vuran dəniz ləpələrini  aydınladan işıq zolağı əsrarəngiz mənzərə yaradır.  Bu mənzərədən daha çox zövq almaq istəyənlərin  istirahəti bəzən gecə saatlarınadək davam edir... Astaraya gəlin, onun bulavarı sizin də xoşunuza gələcək.

 

Pərvanə Nəhmətqızı, Lalə Quliyeva, Rövşən Məmmədov

Aztv.az

 

CANLI YAYIM