Milli Məclisin televiziyasının yaradılması təklif edilib

Milli Məclisin televiziyasının yaradılması təklif edilib

1 İyun, 13:50 Sosial mediada paylaşın:

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Kərimli parlamentin İnternet formatında televiziyasının yaradılmasını təklif edib.

O, bunun Parlamentin fəaliyyətinin hərtərəfli işıqlandırılması baxımından önəmli olduğunu deyib: “Parlamentin fəaliyyətinin hərtərəfli işıqlandırılması və ictimaiyyətə bu barədə dəqiq, kontekstdən çıxarılmamış məlumatların çatdırılması, yeni qəbul edilən qanunvericilik aktları ilə bağlı vətəndaşların daha yaxından və daha sadə dildə marifləndirilməsi üçün Milli Məclisin İnternet formatında televiziyasının yaradılmasına ehtiyac var. Hazırda dünyanın bütün ölkələrində insanların əhəmiyyətli hissəsi onlara gərəkli olan məlumatları sosial şəbəkələr üzərindən alırlar. Bu baxımdan, əgər belə bir resurs yaradılarsa, o zaman Milli Məclisin fəaliyyətinin daha geniş şəkildə təbliğ olunmasına imkan yaranacaq, ayrı-ayrı komitələrin iclaslarından, o cümlədən parlamentin plenar iclaslarından qanunvericiliklə peşəkar şəkildə məşğul olan insanların iştirakı ilə hazırlanan videoxülasələr və digər videomateriallar həm də hər kəs üçün əlçatan və etibarlı istinad mənbəyi rolunu oynaya bilər”.

Deputat vurğulayıb ki, artıq dünyanın bir çox ölkələri və beynəlxalq təsisatları, o cümlədən Böyük Britaniya, Rusiya, Ukrayna, Avropa Parlamenti və digərləri bu təcrübədən istifadə edirlər: “Hesab edirəm ki, bu layihəni həyata keçirmək üçün Milli Məclisin həm maddi-texniki bazası,həm də lazımi kadr potensialı var və əminəm ki, bu işdə peşəkar televiziya jurnalistləri olan dəyərli həmkarlarımız Qənirə Paşayeva, Sahib Alıyev də öz köməklərini əsirgəməzlər”.

CANLI YAYIM