Tibbi maska taxmayanlar bu qədər cərimələnə bilərlər - QANUN LAYİHƏSİ

Tibbi maska taxmayanlar bu qədər cərimələnə bilərlər - QANUN LAYİHƏSİ

30 May, 21:34 Sosial mediada paylaşın:

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən qoruyucu vasitələrdən istifadə və sosial məsafənin qorunması vacibdir. Xüsusən də tibbi maskadan istifadə edilməsinə nəzarət etməyən iaşə obyektlərinin sahiblərinə qarşı ciddi tədbirlər görüləcək.

Çox təəssüflər olsun ki, müxtəlif bəhanələr gətirərək maska taxmayanlar çoxdur. Hazırda isə apteklərdə maska 30, tibbi əlcək isə 10 qəpikdir. Bəzi yerlərdə bunu pulsuz da paylayırlar. Qarşıdakı günlərdə həmin insanları, yəni sosial məsuliyyətini bilməyənləri cərimlər gözləyir. Cərimələrin tətbiqi ilə bağlı layihə artıq Milli Məclisə təqdim olunub və sabah məsələ plenar iclasda müzakirə ediləcək. Cərimələr əsasən ictimai nəqliyyatda, restoranlarda, mağazalarda və digər məkanlarda maska taxmayanlara şamil olunacaq.

Millət vəkili Fəzail Ağamalı hesab edir ki, insanlar tibbi maskalardan istifadə etmirlərsə, onlar xəstəliyin daşıyıcısı kimi hərəkət edirlər, yoluxmanı artırırlar: “Bunun qarşısını almaq üçün hökmən qoruyucu maskalardan istifadə etmək lazımdır. Əgər qoruyucu maskalardan istifadə edilmirsə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat hüquqi şəxslər isə 200 manat cərimə ediləcəklər”.

Onu da bildirək ki, əgər bu yenidən təkrar olunarsa, cərimə məbləği ikiqat artmaqla müvafiq olaraq 100, 200 və 400 manat ola bilər.

Deputat Musa Qasımlı deyir ki, cərimələrin tətbiq edilməsində məqsəd vətəndaşların sosial məsuliyyətinin artırılmasına hesablanıb: “Maarifləndirmə tədbirləri ilə yanaşı, paralel olaraq inzibati cəza tədbirlərinin də görülməsi zərurəti ortaya çıxıb. İndiyə qədər dövlət və hökümət vətəndaşların məsuliyyət hissinə inanaraq güvənirdi, cərimələr tətbiq edilmirdi. Amma görünür cərimələrin tətbiqi zərurətə çevirilib ki, biz vətəndaşlarımızı, millətimizi bu ağır bəladan xilas edə bilək”.

Əgər özünüzün və doğmalarınızın bu virusa yoluxmasını istəmirsinizə, qaydalara əməl etməklə, müəyyən olunan yerlərdə maska taxmaqla COVID-19 virusundan sığortalanın. Əks halda adi səhlənkarlıq sizin özünüz və ətrafınızdakılar üçün ağır nəticələrə səbəb ola bilər. Əgər pandemiyanın ilk günlərində tibbi maska çatışmazlığı var idisə, dövlət tərəfindən atılan vaxtında və məqsədyönlü tədbirlər çərçivəsində artıq bu məsələ də öz həllini tapıb.

Ayşəm Rüstəmova, Samir Namiqoğlu, Elçin Tağıyev

CANLI YAYIM