Bu gün Bakıda, Qaradağ rayonunda “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Bundan sonra yaşayış kompleksi istifadəyə verilib. Kompleksdəki mənzillər şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə təqdim olunub.
2012-ci ildə təməl daşı qoyulan “Qobu Park 1”də 1026 ailə, 2019-cu ildə “Qobu Park 2”də 1300 ailə məskunlaşıb. Bu gün təhvil verilən 1336 mənzillərə isə Yasamal rayonundakı yataqxanalarda məskunlaşan, ağır şəraitdə yaşayan məcburi köçkünlər yerləşdirilib.
“Qobu Park 3”də mənzillərlə yanaşı iş yerləri də yaradılıb. Söhbət “Xarı bülbül” istehsalat və təlim mərkəzindən gedir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə yaşayış kompleksində 2 müəssisə fəaliyyətə başlayıb. Onlardan biri yumşaq plastik oyuncaqlar və tekstil məhsulların istehsal olunacağı müəssisədir.
Digər müəssisədə isə sterilizə olunmuş tibbi ləvazimatların istehsalı həyata keçiriləcək. Söhbət tibbi heyət üçün üst geyimləri və kombinzonlardan gedir.
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları açılışı olan “Qobu Park-3” yaşayış kompleksində olub, mənzillərə köçürülən vətəndaşlarla söhbətləşiblər, yaradılan müəssisələrə tanış olublar.
Ayşəm Rüstəmova, Zaur Bayramov