Övladınıza onlayn oyun oynamağa icazə verin, amma... - Diqqət edilməli mühüm məqamlar

Övladınıza onlayn oyun oynamağa icazə verin, amma... - Diqqət edilməli mühüm məqamlar

26 May, 14:01 Sosial mediada paylaşın:

Onlayn oyunlar bu gün uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Virtual reallıq öz istifadəçilərinə əlçatmaz imkanlar yaradaraq maqnit kimi cəlb edir.

“Counter Strike”, “Lineage”, “Call of Duty”... Siyahını daha da artırmaq mümkündür. Bunların hər biri uşaqların sevimli onlayn oyunlardır. Bəs bu oyunlar uşaqlara psixoloji baxımdan necə təsir edir?

Araşdırmalar göstərir ki, uşaqların üçdə biri gündə ən azı 2 saat bu cür oyunlara vaxt sərf edirlər. Mütəxəssislər bildirirlər ki, uşaqlara oyunlar oynamağa icazə vermək olar. Lakin bu zaman onların bu oyunlar qarşısında nə qədər vaxt keçirdiklərini və əsasən, hansı oyunlar oynadıqlarına diqqət etmək lazımdır.

Pandemiya dövründə tədris ocaqları faəliyyət göstərmədiyindən distant təhsilə qoşulan uşaqlar kompüter qarşısında daha çox vaxt keçirirlər. Bu səbəbdən mövcud şəraitdə internet gənc istifadəçilərdə asılılıq və psixoloji problemlərin yaranma riskini artırır. Aparılan araşdırmalar göstərir ki, ölkəmizdə gənc istifadəçilərin 6 faizi video-oyunlara daha çox vaxt ayırır.

Bəzi oyunlar eyni zamanda uşaqlarda sosiallaşma – digər oyunçularla virtual ünsiyyət yaratma imkanı yaradır. Ölkəmizdə uşaqların təxminən 42 faizi onlayn multipleyer oyunlarından istifadə edir. 15-18 yaşlı yeniyetmələr arasındakı göstərici isə 59 faizdir.

Dünyanın bir çox ölkələrində uşaqlara təhlükəli oyunlar oynamaq qadağan edilib. Zorakılıq təbliğ edən oyunlar yığışdırılıb və bir çox internet saytlarında bu oyunların yayımlanmasına icazə verilmir. Çünki belə oyunlar uşaqları ailəsindən uzaqlaşdıra və ziyanlı mühitə çəkə bilər. Bunun üçün valideynlərin də diqqətli olması vacibdir.

Onlayn oyunlar əl-göz kordinasiyasını yaratmaq, xarici dil biliyini inkişaf etdirmək, həmçinin, uşaqlarda empatiya duyğusunun inkişafına da köməklik göstərə bilər. Lakin bu zaman oyunda nə qədər vaxt keçirilməsi və yaş məhdudiyyəti ən mühüm faktordur.

Nuray Mustafa

CANLI YAYIM