Azərbaycanda əczaçılıq müəssisələri iqtisadiyyata nə verəcək? – Mərkəz direktoru açıqlayır

12 May, 23:15 Sosial mediada paylaşın:

Azərbaycanda tibbi məhsullar istehsal edən müəssisələrin yaradılması, ölkənin iqtisadi sənayesinin inkişafına böyük təkandır. Ekspertlər hesab edirlər ki, xüsusən Sumqayıtda bu gün istifadəyə verilən qoruyucu kombinezonların istehsalı müəssisəsi pandemiya və post-pandemiya dövründə iqtisadi səmərə verəcək.

Azərbaycan Televiziyasının (AzTV) "Koronavirus İnfo" verilişinin "Ekspert rəyi" rubrikasının qonağı olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı yeni müəssisənin açılışını dəyərləndirərkən bildirib ki, əczaçılıq sənayesi dövlətlər üçün önəmlidir: "Əczaçılıq sənayesinin gəlirləri dünyada artıq 1.2 trilyon dolları aşır. Bu sahə, kifayət qədər sürətlə inkişaf edən sənaye sahədir. Xüsusən də, inkişaf etməkdə olan ölkələr daha çox can atırlar ki, tibb sənayesində öz paylarını çoxaltsınlar".  V.Qasımlı qeyd edib ki, ölkəmizdə təkcə pandemiya dövründə deyil, ondan əvvəl də, istər əczaçılıq sənayesinin, istərsə də tibb sənayesinin inkişafı ilə bağlı əhəmiyyətli işlər görüb: "Pirallahıda belə bir Mərkəz fəaliyyət göstərir. Ondan kənarda da bizim tibb müəssisələrimiz açılıb". Müəssisələrin Azərbaycan üçün əhəmiyyətinə toxunan V.Qasımlı vurğulayıb ki, ölkəmiz bir il ərzində əczaçılıq məhsullarının idxalına 300 milyon dollar vəsait xərcləyir: "Tibb avadanlıqları, aparaturalar, optik və bu kimi avadanlıqlar və avadanlıq hissələrinə isə təxminən 240 milyon dollar vəsait xərclənir. Bu iki istiqamətə xərclənən vəsait yarım milyard dollardır. İstər pandemiya dövründə, istərsə də ondan əvvəlki dövrdə açılan müəssisələr, ilk növbədə idxalın əvəzlənməsinə xidmət edir. Yəni, bu cür müəssisələrin açılması, qeyri-neft sektorunun payının artmasına dəstəyini verəcək". Mərkəz rəhbəri bildirib ki, belə müəssisələr həm də yeni iş yerlərinin açılmasını təmin edir: "Ən vacib məsələlərdən biri də odur ki, ölkəyə sərmayə cəlb edilir. Burada təkcə dövlət yox, həmçinin özəl sektor, xarici sərmayədarlar aktiv rol oynamağa başlayırlar. Vergi bazası genişlənir, ümumi daxili məhsul artır. Ən ümdə məsələ isə, bunun insan sağlamlığına xidmət etməsidir". V.Qasımlı onu da söyləyib ki, pandemiyadan heç bir dövlət qazanmır: "Bundan hamı təsirlənəcək. Amma bütün hökumətlərin işi ondan ibarətdir ki, bu təsirləri minumuma endirsinlər. Mən düşünürəm ki, atılan addımlar bir daha onu göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan pandemiya ilə mübarizədə də, gözəl bir idarəetmə nümunəsi ortaya qoydu".

CANLI YAYIM