“Çıxışa doğru”da Şuşa və 9 may Qələbə Günü müzakirə olundu

“Çıxışa doğru”da Şuşa və 9 may Qələbə Günü müzakirə olundu

8 May, 17:29 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Çıxışa doğru” tok-şousunun budəfəki buraxılışı iki mövzuya həsr olunub. Birinci hissədə Şuşanın işğalından, erməni vandalizmindən bəhs olunub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva deyib ki, işğal nəticəsində şuşalılar öz doğma torpaqlarını müdafiə etmək üçün qəhrəmancasına döyüşüb: “Bu döyüşlərdə 195 şəhid vermişik, 165 insan əlil olub, 58 nəfər itkin düşüb. Şuşalılar bu gün ölkəmizin 58 rayonunda məskunlaşıblar. Ancaq əminəm ki, dövlətimizin, dövlət başçımızın səyləri nəticəsində bütün işğal olunmuş torpaqlarımız, o cümlədən Şuşa tezliklə işğaldan azad ediləcək”.

Xalq artisti Mənsum İbrahimov da əmin olduğunu bildirib ki, Şuşada yenə “Xarı bülbül” festivalları keçiriləcək: “Yadımdadır, böyük maestro Niyazi hər il 3 gün Cıdır düzündə konsert verirdi. İnanıram ki, dövlətimizin, onun qüdrətinin hesabına biz o torpaqları azad edəcək, yenidən Şuşada festivallar təşkil edəcəyik. Böyük sənətkarların ruhu da o vaxt şad olacaq”.
Xalq artisti efirdə “Şuşanın dağları” mahnısından bir parça ifa edib.

Şuşa Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov qeyd edib ki, şuşalı gənc istedadlar müxtəlif müsabiqələrdə uğurla iştirak edir.
Qarabağ qazisi Əhliyyət Mehdiyev deyib ki, Azərbaycan ordusu 90-cı illərdəki ordu deyil, bu gün ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır: “Bunu bizim ordu Aprel döyüşlərində bir daha göstərdi”.

Verilişə “Skype” vasitəsilə qoşulan hüquqşünas İsmayıl İsmayılov qeyd edib ki, o, sosial şəbəkələrdə yaratdığı qruplarda Şuşa ilə bağlı, Azərbaycan həqiqətləri ilə əlaqədar paylaşımlar edir.
Proqrama bağlanan Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndəsi Elşən Əsgərov deyib ki, təmsil etdiyi təşkilat Qarabağ həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işləyir.

Verilişin ikinci hissəsində 9 May - Qələbə Günü ilə bağlı müzakirələr aparılıb.

İkinci Dünya müharibəsinin iştirakçısı Tamleyxa Həsənov döyüş xatirələrini bölüşüb: “Qələbə elan olunanda Avstriyada idim. Müharibədən sonra atom stansiyaları tikməyə başlayırdı sovet hakimiyyəti. Onu mühafizə etmək üçün əsgərlər lazım idi. Mən də o əsgərlərin içərisinə düşmüşdüm, müharibədən sonra qalıb 5 il də qulluq etdim. O vaxt KQB-nin nümayəndələri çağırdı ki, qal, qulluq elə, sənə rütbə verərik, amma bilirdim ki, anam dözə bilmir, ona görə qayıtdım”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov xatırladıb ki, xalqımız döyüşlərdə qəhrəmanlıqla vuruşub: “700 mindən çox azərbaycanlı müharibəyə yola düşüb, onların yarıdan çoxu geri qayıtmayıb. Həm də yalnız kişilər yox, qadınlarımız da müharibənin iştirakçısı olublar”.

Tarixçi professor Cəbi Bəhramov qeyd edib ki, AMEA-nın Tarix İnstitutunda müharibə ilə bağlı olduqca mühüm araşdırmalar aparılır: “Dövlətimizin başçısının çağırışlarına cavab olaraq bu tədqiqatlar davam etdirilir. Faşist Ndje ilə bağlı çox ciddi sənədlər çap etmişik”.

CANLI YAYIM