Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan planları... -ŞƏRH

30 Aprel, 12:39 Sosial mediada paylaşın:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında keçirilən  videokonfransda aparılan müzakirələr siyasi və iqtisadi təhlilçilərin diqqətindədir. Çünki pandemiya, qlobal şokların Azərbaycan iqtisadiyyatına təsirlərini azaltmaq, postkoronavirus dövrünə hesablanan preventiv tədbirlər qurumla ölkəmiz arasında əməkdaşlıq üçün yeni imkanlar açır.

Azərbaycan dövləti postpandemiya dövrü üçün nəzərdə tutulan genişmiqyaslı layihələr üzərində fəal iş aparır. Bu məqsədlə nüfuzlu beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsi prioritet səciyyə daşıyır. Həmin qurumlardan olan Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizi etibarlı tərəfdaş statusunda görməsi bir sıra faktorlarla bağlıdır. Belə ki, Azərbaycan COVID-19 virusunun dünya iqtisadiyyatı üçün ciddi problemlər yaratdığına baxmayaraq, makroiqtisadi sabitliyini qoruyub saxlayır, 2020-ci ilin ilk iki ayı ərzində dünyanın heç bir ölkəsində müşahidə olunmayan iqtisadi artım tempinə nail olunub, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər proqramı davamlı şəkildə həyata keçirilir, eləcə də Azərbaycanın xarici investisiyalar üçün açıq olduğu vurğulanır. Məhz bu amillər fonunda AYİB müəyyən iqtisadi itkilərlə üzləşən respublikamızda bir sıra strateji layihələrin reallaşmasında maraqlı olduğunu bildirir.

Şübhəsiz, ölkəmizin COVID-19 virusunun yayılmağa başladığı ilk gündən gördüyü profilaktik tədbirlərin effektiv nəticələri bank rəhbərliyinin də diqqətindən yayınmır və onlar Azərbaycanın bütün beynəlxalq müqavilə şərtlərinə hətta pandemiya müddətində də əməl etdiyini görürlər.

Beləliklə, xüsusi karantin rejimi, sosial izolyasiya tədbirlərinin əhəmiyyəti ilə yanaşı, qeyri-neft iqtisadiyyatı, yaşıl iqtisadiyyat, sənaye istehsalı artımının perspektivlərinin müzakirə oldunduğu videokonfransda:

- Azərbaycanın koronavirusla mübarizədə göstərdiyi nümunə bir daha dünyaya təqdim olundu;

- Pandemiyanın ölkə iqtisadiyyatına təsirlərinin minimuma endirilməsi üçün həyata keçirilən preventiv tədbirlərə yüksək qiymət verildi.

“İqtisadiyyatın şaxələndirilməsinin vacibliyini nəzərə alaraq, böhran vaxtı qeyri-neft sektorunun xüsusilə yaxşı göstəriciləri də qeyd olunmalıdır. Çox gözəl bir hekayədir və gün gələcək Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir”, - deyə Suma Çakrabarti qeyd edib.

Təbii ki, bu təqdimat yeni imkanlar, sərmayələr və yeni əməkdaşlıq üçün zəmin yaradır. Çünki sərmayələr münbit şərait, qorunma, eyni zamanda, böhranlı vəziyyətlərdə zəmanət tələb edir. Azərbaycan ən çətin məqamlarda, o cümlədən pandemiya dövründə etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi. Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə 250 milyard dollarlıq sərmayə yatırmaq istəyi həm etibarlı tərəfdaşlığa, həm də rəsmi Bakının yürütdüyü praqmatik siyasətə əsaslanır. Belə olan halda isə əməkdaşlığın əhatə dairəsi və coğrafiyası da genişlənir.

Sahəddin Hüseynov

CANLI YAYIM