Kürdəmirdə daha iki avtomobil yolu yenidən qurulur

Kürdəmirdə daha iki avtomobil yolu yenidən qurulur

26 İyul, 13:42 Sosial mediada paylaşın:

Aztv.az xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlər davam edir. Bu çərçivədə Kürdəmir rayonunda Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması işləri aparılır.

Əvvəllər Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi yaxşı vəziyyətdə olmayıb. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çətin idi. Sözügedən avtomobil yolları boyunca deformasiyaya uğrayan yol yatağı qazılaraq çıxarılıb, yolun genişləndirilməsi, qaldırılması və profilə salınması ilə yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Hazırda Yolların torpaq örtüklü hissələrində də yeni yolun inşası aparılır. Ümumilikdə torpaq işlərinin sahəsi Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda 370 min kv.m, Şilyan-Qarasu avtomobil yolunda isə 140 min kv.m təşkil edir. Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəzlənməsi işləri də görülüb. Bundan başqa, yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin əsaslı bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.

Asfaltlanma işləri Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının 300 min kv.m-dən çox sahəsini əhatə edir. Yolun yenidən qurulması vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişini təmin edəcək. Eyni zamanda yük və sərnişin daşıması xeyli asanlaşacaq, ərazidə əhalinin sosial həyatına müsbət təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Kürdəmir rayonunda bu il icra olunan uzunluğu 51.2 km uzunluğunda avtomobil yolları ümumilikdə 10 minə yaxın vətəndaşın yaşadığı 5 yaşayış məntəqəsini əhatə edəcək.

 

 

CANLI YAYIM