Bu ölkə virus qurbanlarının sayına görə “lider”dir - Belçikadan reportaj

18 Aprel, 13:29 Sosial mediada paylaşın:

Bu gün koronavirus pandemiyasının ən kəskin yayıldığı ölkələrdən biri  Belçikadır. Burada 36 mindən çox insan virusa yoluxub, həyatını itirənlərin sayı isə 5163-dür.  Belçikada əhalinin hər milyon nəfərinə düşən virus qurbanlarının sayı 460 nəfərdir. Hazırda bu rəqəm dünyada ən yüksək göstərici sayılır.

Hazırda sözügedən ölkədə COVID-19 virusu ilə bağlı ciddi problemlər hökm sürür. Fransa-Belçika sərhədi bağlı olduğundan Parisdən Brüsselə gün ərzində cəmi 1 sərnişin qatarı gedir. Əvvəl isə bu rəqəm 8-10 təşkil edirdi. Gün ərzində  həmin 1 qatar da, demək olar, boş gedir. Buna səbəb yalnız istisna olan şəxslərə sərhədi keçməyə icazənin verilməsidir. İcazə verilən şəxslərə isə yüksək çinli dövlət rəsmiləri, ixtisaslı həkimlər, hərbçilər və fəaliyyəti birbaşa COVID-19 virusuna qarşı mübarizə ilə bağlı olan şəxslər daxildir. Brüssel polisi hər bir sərnişinin sənədlərini, gəliş səbəbini yoxlayır. Sadalanan kateqoriyaya aid olmayan şəxslər şəhərə buraxılmır, növbəti qatarla geri göndərilir. Bu sərt nəzarətin nəticəsidir ki, Belçikanın ən böyük və ən yüklü nəqliyyat mərkəzlərindən olan Brüssel-Midi vağzalı hazırda tamamilə boşdur.

Digər tərəfdən pandemiyanın qarşısının alınması məqsədilə martın 13-dən elan olunan karantin rejimi mayın 3-nə qədər uzadılıb. Belçikada bütün kütləvi tədbirlər avqustun 31-nə qədər təxirə salınıb. Küçəyə çıxma qadağaları tətbiq edilib. İnsanların hərəkətini məhdudlaşdırmaq üçün ictimai nəqliyyatın hərəkət intervalları artırılıb. Tramvay və avtobuslarda sərnişin sayına məhdudiyyət qoyulub. Lakin Avropa ölkələri ilə müqayisədə Brüsseldə karantin qaydalarına o qədər də dəqiq əməl edilmir. İnsanlar küçələrdə gəzir və  parklarda bir yerə toplanırlar. Bunun da məntiqi nəticəsidir ki, Belçika son günlərin statistikasına əsasən, hər milyon nəfərə düşən virusdan ölüm hallarına görə dünyada ilk sıradadır. Vətəndaşların laqeyd münasibəti hökuməti daha sərt addımlar atmağa vadar edir. Küçəyə çıxma qadağasının pozulmasına görə cəza tədbirləri 250 avro cərimədən başlayıb azadlıqdan məhrum etməyə qədər dəyişir. Koronavirusdan ölüm hallarının sürətlə artmasına vətəndaşların karantin rejiminə lazımınca əməl etməməsi ilə yanaşı, həm də  səhiyyə sistemindəki problemlər, tibb işçilərinin tez-tez rast gəlinən səhlənkarlığı səbəb olur.

Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İskəndərov da deyir ki, Belçikada dövlətin tətbiq etdiyi qaydalara laqeyd münasibət var: “İtaliyada, İspaniyada və digər ölkələrdə həkimləri alqışlayırlar. Buradakı həkimlər haqqında bunu demək olmaz. Ən azı, iki gənc həkimlərin səhlənkarlığından həyatını itirib. Bax, bu Avropa gəlir, bizə insanlıqdan, insan hüquqlarından dərs keçmək istəyir”.

Belçika hökuməti tərəfindən təyin edilmiş karantin qaydalarına niyə əməl olunmur, bunu heç insanlar özləri də dəqiq deyə bilmirlər. Bəzilərinin, ümumiyyətlə, karantin qaydalarından xəbəri yoxdur. Başqa sözlə, məsələ təkcə vətəndaş laqeydliyi deyil. İnsanların məlumatlandırılmasında və karantin qaydalarına əməl edilməsinə nəzarətdə də problem var.

Brüssel sakini Yanoş Omruş fikirlərini belə izah edir: “Belçikada vəziyyət olduqca gərgindir. Əhali sayına görə ölüm halları həddən artıq çoxdur. Artıq 5 mindən çox insan həyatını itirib. Bu, 11 milyon əhalisi olan bir ölkə üçün həddən artıq çoxdur. Küçələrdə həddindən artıq adam var. Anlaya bilmirəm, niyə insanlar evdə oturmurlar?! Bayırda hər yaşda adam görə bilərsiniz”.

Belçika Avropanın siyasi paytaxtıdır və İttifaqın bir sıra vacib institutları burada qərarlaşıb. Pandemiya bu qurumların da fəaliyyət prinsiplərini kökündən dəyişib.  Belə ki, mərkəzi qərargahı Brüsseldə yerləşən bütün siyasi institutlar, o cümlədən Avropa Parlamentinin də fəaliyyəti dondurulub. Parlamentin, eləcə də ayrı-ayrı komitələrin iclasları video-konfranslar vasitəsilə aparılır. Avropa Parlamenti tarixində ilk dəfə fiziki iştirak olmadan səsvermə proseduru tətbiq edilib. Parlament üzvləri e-mail vasitəsilə səs verərək artıq 3 qanun layihəsini qəbul ediblər. Virtual səsvermə qaydası iyulun 31-nə qədər qüvvədə olacaq.

Brüsseldə yerləşən xarici ölkə nümayəndəlikləri, o cümlədən Azərbaycan səfirliyi də xüsusi rejimdə fəaliyyət göstərir. Səfirliyimizin əməkdaşları faktiki olaraq iki növbəli rejimdə işləyirlər.

Səfir Fuad İskəndərovun sözlərinə görə, səfirlikdən kənarda yaşayan əməkdaşların inzibati binaya gəlməsi qadağan edilib: “Çünki səfirlikdə işləyən əməkdaşların bir hissəsi burada yaşayır. Kənar kontaktları sıfıra endirmişik ki, səfirlikdə hər hansı bir yoluxucu vəziyyət olsa, kənarda yaşayan əməkdaşlarımız bizi əvəz edə bilsinlər. Faktiki olaraq, səfirliyin yarısı ilə birbaşa burada işləyirik. Ölkədəki  soydaşlarımızla  daim əlaqə saxlayırıq. Onlara dəstək göstəririk”.

Hazırda Belçika Krallığında 300-ə yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatına düşüb. Səfirlik vətəndaşlarımızın vəziyyətini nəzarətdə saxlayır. Pandemiyanın səbəb olduğu çətinliklərin həlli istiqamətində iş aparılır. Azərbaycanın Belçika Krallığındakı səfirliyi pandemiya bitənə qədər fəaliyyətini xüsusi rejimdə davam etdirəcək.

Elzar Ağayev

CANLI YAYIM