ÜST rəhbəri koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin ləğvinə tələsməməyə çağırıb

ÜST rəhbəri koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin ləğvinə tələsməməyə çağırıb

14 Aprel, 13:53 Sosial mediada paylaşın:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru doktor Tedros Gebreyesus COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşmağa çağırıb.

ÜST rəhbərinin sözlərinə görə, bir sıra ölkələrdə koronavirusun yayılması azalıb və hakimiyyət orqanları “sosial məsafə saxlanmasına” riayət olunmasına istiqamətlənən tədbirlərin ləğvinə başlamaq niyyətindədirlər.

ÜST-nin baş direktoru brifinqdə xatırladıb ki, COVID-19 koronavirusun tamamilə yeni növüdür və tibb ictimaiyyəti, həmçinin səhiyyə sahəsinin əməkdaşları onun davranışı barədə ən azından virusla mübarizə çərçivəsində öyrənirlər. Mübarizə strategiyası isə, öz növbəsində, ən son məlumatlara əsaslanır. Müxtəlif ölkələrin təcrübəsindən aydın olur ki, virus özünü necə aparır, onu necə dayandırmaq və ondan necə xilas olmaq mümkündür. Doktor Tedros xəbərdarlıq edir ki, biz yalnız bildiklərimiz haqqında danışmalı, əldə etdiyimiz məlumatın mötəbərliyinə arxayın olaraq hərəkət etməliyik.

Doktor Tedros deyib: “Biz bilirik ki, COVID-19 çox sürətlə yayılır, onun öldürücü olmasından da xəbərimiz var: bu virus 2009-cu ildəki qrip epidemiyasından 10 dəfə çox insanın ölümünə səbəb olub. Bilirik ki, virus insanların çoxlu sayda toplandığı yerlərdə, məsələn, ahıllar evində daha sürətlə yayılır. Həmçinin bilirik ki, virusun ötürülməsini dayandırmaqdan ötrü hər yoluxma halı vaxtında aşkarlanmalı, test keçirilməli, təcrid olunma təşkil edilməli və hər yoluxan şəxs müalicə olunmalıdır. Biz bilirik ki, bəzi ölkələrdə xəstəliyə yoluxanların sayı hər 3-4 gündən bir iki dəfə artır”.

Bununla yanaşı, bəzi ölkələr məhdudiyyətlərin yüngülləşdirilməsi imkanını gözdən keçirdiyi bir vaxtda digərləri bu tətbiqləri həyata keçirmək barədə düşünür. Əsas etibarilə bu, Latın Amerikasında, Afrika və Asiyada olan orta və aşağı gəlirə malik ölkələrdir. Doktor Tedros yoxsul ölkələrdə karantin tədbirlərinin arzuolunan nəticələr verəcəyinə əmin deyil: “Əgər bu gün qidalana bilməyin sənin gündəlik əməyindən asılıdırsa, o zaman karantində necə dolanmaq mümkündür?” Təqribi hesablamalara görə, 1,4 milyon uşaq məktəbə getmir, bu isə o deməkdir ki, onlar təhsillərini elə-belə dayandırmayıblar – bəziləri zorakılığın qurbanı olur, bir çoxları isə bəlkə də yeganə qidalanmaq imkanından məhrum edilirlər.

“Mən dəfələrlə demişəm ki, insanlar arasında fiziki məsafənin məhdudlaşdırılması – bütöv kompleks zəruri təhlükəsizlik tədbirlərindən yalnız biridir. Hər hökumət vəziyyəti dəyərləndirməli və öz vətəndaşlarını, xüsusən də ən həssas təbəqəni müdafiə etməlidir”, - deyə ÜST-ün baş direktoru xatırladıb.

Doktor Tedros elan edib ki, ÜST tərəfindən yenilənmiş strategiya nəşr olunacaq. Buraya digər məsələlərlə yanaşı, COVID-19 infeksiyası ilə bağlı məhdudiyyətlərin ləğvinin altı şərti daxil edilib.

CANLI YAYIM