Prezident İlham Əliyevə minnətdarlıq məktubları: “Fədakarlığınız məni qürurlandırır”

Prezident İlham Əliyevə minnətdarlıq məktubları: “Fədakarlığınız məni qürurlandırır”

9 Aprel, 15:12 Sosial mediada paylaşın:

Dünyada böyük bir bəlaya çevrilən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bütün bunlara baxmayaraq “COVID 19” virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən vaxtında lazımi addımlar atıldı. Görülən bu işlər, dövlət başçısının göstərdiyi diqqət və qayğı ölkə əhalisi tərəfindən də rəğbətlə qarşılanır. Elə bu baxımdan onlar öz minnətdarlıqlarını Prezidentin saytında məktublar ünvanlayaraq bildiriblər.

Məsələn, Lerik rayon sakini, Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov dövlət başçısına ünvanladığı məktubda belə yazır: “Möhtərəm cənab Prezident, bu gün bu çətin zamanda Sizin xalqımıza dəstək olmağınız bəşəriyyəti bürüyən bu bəladan xalqımızın xilas olması üçün göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqa bu virusdan qorunmaqla bağlı etdiyiniz müraciətlər, Sizin həmişə öz xalqınızla birlikdə olmağınız bizi daha da ruhlandırır. Sevinirik ki, rəhbərimiz öz xalqına bu qədər diqqət ayırır. İnanırıq ki, bəşəriyyəti bürüyən bu bəladan birlikdə uğurla çıxacağıq”.

Üzeyir Məmmədov, həmçinin, Prezident İlham Əliyevə bütün bu işlərə görə təşəkkür edib və Qarabağ qazilərinin hər zaman onun ətrafında olduğunu deyib.

Daha bir müraciət isə Xocavənd rayonunun Qaradağlı kəndinin sakini Əbülfət Əliyev tərəfindən ünvanlanıb. O deyir ki, son vaxtlar dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər Xocavənd ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır.

“Möhtərəm cənab Prezident, insanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir”, - deyə Xocavənd rayonunun Qaradağlı kəndinin sakini bildirib.

Müstəqil Azərbaycanın gündən-günə çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi istiqamətində dövlət başçısının atdığı addımların təqdirəlayiq olduğunu vurğulayan Gəncə şəhər sakini İlkin Cavadov isə belə yazır: “Cənab Prezident, dünyada kütləvi hal alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlər biz gəncəlilər tərəfindən də yüksək qiymətləndirilir. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni çox qürurlandırır və Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm”.

Bəli, Üzeyir Məmmədov, Əbülfət Əliyev, İlkin Cavadov və digər minlərlə insan bu fikirdədir. Hər bir kəs Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əsasən də  əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirdiyi addımları yüksək qiymətləndirir. Görülən bu işlər təkcə əhali tərəfindən deyil, həm də beynəxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu yaxınlarda ÜST-nin baş direktorunun Azərbaycan Prezidentinə ünvanlandığı məktubda virusla mübarizədə görülən işləri nümunəvi hesab etməsi bunu bir daha təsdiqləyir.

Tural Qurbanov

CANLI YAYIM