Havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb

Havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb

9 Aprel, 11:52 Sosial mediada paylaşın:

Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqlarının miqdarı sanitar norma daxilində olduğu müəyyən edilib.

Qeyd edək ki, martda həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olub.

Dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan ciddi karantin rejiminə görə paytaxtda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib.

Belə ki, Bakı şəhərində martın 22-dən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra – aprelin 7-dən sonra isə 45-50 faiz azalıb. Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb.

CANLI YAYIM