Valideynlər üçün “#ÖvladımlaEvdə” təşəbbüsünə start verilib

8 Aprel, 14:37 Sosial mediada paylaşın:

UNICEF Azərbaycan öz veb-saytında və sosial media platformalarda COVID-19 böhranı zamanı evdə uşaqların qayğısına qalan valideynlər üçün faydalı fəaliyyətlər və məsləhətlərdən ibarət olan “#ÖvladımlaEvdə” (“#LearningAtHome”) təşəbbüsünə start verib.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xüsusilə Azərbaycan ailələri üçün hazırlanan materiallarda diqqət qüvvədə olan xüsusi karantin tədbirləri zamanı müxtəlif oyunlardan yaradıcı şəkildə istifadə edərək uşaqların stimullaşdırılmasına yönəlib.

Qurumun ölkəmizdəki nümayəndəsi Edvard Karvardin deyib: “Biz bilirik ki, məktəbəqədər və günərzi xidmətlərinin, həmçinin məktəblərin COVID-19-un alovlanması səbəbindən bağlanması, valideynləri uşaqların bütün gün ərzində evdə fəal və stimullu qalması kimi çağırışı ilə üz-üzə qoyub. UNICEF bu çətin zamanlarda ailələrə kömək etmək üçün bəzi praktiki ideyalar və tövsiyələr təklif etmək istəyir.

Yeni resurslara daxil olan fəaliyyətlər uşaqları məşğul saxlamaqla yanaşı, beyinlərini də inkişaf etdirməyə kömək edir. Növbəti 15 gün ərzində biz ailələrin iştirak edə biləcəyi bir sıra əyləncəli “#ÖvladımlaEvdə” (“#LearningAtHome”) çağırışlar və təşəbbüslər ilə yanaşı, valideynlərə övladlarının fəallığını təmin etmək, beyinlərini stimullaşdırmaq və valideynlərlə uşaqlar arasında bağları dəstəkləmək haqqında praktiki təkliflər də təqdim edəcəyik.

Ümid edirik ki, valideynlər digər valideynləri həvəsləndirmək məqsədilə öz məşğələlərini və yeni ideyalarını bölüşərək övladları ilə birlikdə keçirdikləri müxtəlif fəaliyyətləri əks etdirən qısa videoları və ya təsvirləri “#LearningAtHome”, “#ÖvladımlaEvdə” həştəqləri ilə paylaşacaqlar”.

Qurumun https://www.unicef.org/azerbaijan/learning-home-join-challenge ünvanında onlayn olaraq yerləşdirilən fəaliyyətlər:

• Valideynlərə öz uşaqlarına ev şəraitində icra oluna biləcək istirahət və təhsil fəaliyyətlərinə dair xüsusi nümunələr vasitəsilə təhsil almaq imkanı verməyə kömək edir;

• Uzunmüddətli özünütəcrid dövrlərində stress və gərginliyi azaltmağa kömək edə bilər;

• Rəqəmsal əlaqələr və birgə təcrübə vasitəsilə sosial təcrid təsirini yumşaldır;

• Uşaqlar üçün özlərini risk etmədən öyrənə və oynaya biləcəyi sağlam bir mühit yaradır.

Bundan başqa, Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İnstitutunun veb-saytlarında uşaqların ev şəraitində fəaliyyətlərinin və təhsilinin təşkilində valideynlərə kömək məqsədilə UNICEF-in yeni resursları yerləşdiriləcək.

CANLI YAYIM