Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamın icrasına başlanılıb

7 Aprel, 11:00 Sosial mediada paylaşın:

Aprelin 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrasına başlayıb.

Sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən ahıllara, qadınlara və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim edirlər.

Azadlığa çıxan şəxslər göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və imzalanan əfv Sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Xatırladaq ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı olan 176 nəfər Sərəncama əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Dövlətimizin başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

CANLI YAYIM