Milli Məclisin komitə iclası onlayn keçirildi

1 Aprel, 19:01 Sosial mediada paylaşın:

Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi videokonfrans vasitəsilə onlayn iclas keçirib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasın əvvəlində komitə sədri Tahir Mirkişili bildirdi ki, pandemiya şəraitində iclasların innovativ üsullarla keçirilməsi artıq şərtdir. Milli Məclis rəhbərliyinə belə bir imkanı yaratdığı üçün minnətdarlıq edən sədr qısa müddətdə bu təşəbbüsü dəstəklədiklərinə və onlayn iclasda aktiv iştirak etdiklərinə görə komitənin üzvlərinə də təşəkkür etdi.

İclasın gündəliyinə 8 məsələ daxil edilmişdi: Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Nəqliyyat haqqında”, “Aviasiya haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Dəniz limanları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Mülki Məcəllədə və Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Torpaq icarəsi haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Banklar haqqında” və “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri.

Komitə sədri gündəlikdə olan məsələlər barədə fikirlərini bildirdikdən sonra çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Məşhur Məmmədov, Aydın Hüseynov, Elnur Allahverdiyev və Mahir Abbaszadə qanun layihələri barədə rəy və təkliflərini söyləyiblər.

Müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasında müzakirəsi məqsədəuyğun hesab edilib.

CANLI YAYIM