Azərbaycanda xalçaçılıq sənayesinin idxaldan asıllığı aradan qaldırılır. Belə ki, xalçaçıların iplik və boyağa olan təlabatı yerli istehsal hesabına ödəniləcək. Bu məhsullar Sumqayıt Kimya Sənaye Parkında inşa edilən Yunəyirici-Boyaq Fabrikində istehsal olunacaq. Mövcud imkanlar hətta xalça və xammal ixracına da rəvac verəcək.
Yunəyirici-Boyaq Fabrikində hazırda son tamamlama işləri aparılır. Fabrik 3 hissədən ibarət olacaq. Xammal qəbulu, çirkli yunların yuyulması və çeşidlənməsi, iplik istehsalı sexləri. Burada il ərzində 1500 ton çirkli yun qəbul ediləcək. Əgər tələbat olarsa, ikinövbəli iş rejimi tətbiq etməklə yun emalı 3 min tona çatdırılacaq. May ayında istifadəyə verilməsi planlaşdırlan Yunəyirici-Boyaq Fabrikində artıq xammal qəbuluna başlanılıb. Məqsəd fabrik işə düşən gündən sürətli istehsalı təşkil etməkdir.
Yunəyirici-Boyaq Fabrikini xammalla təmin etmək məqsədi ilə respublikamızın müxtəlif rayonlarında 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. İndiyədək bu məntəqələrdən 300 ton yun tədarük edilib.
Tədarük edilən yunun çeşidlənməsinə də başlanılıb. Prosesin yüksək keyfiyyətlə aparılması üçün çeşidləyicilərə türkiyəli mütəxəssislər təlim keçiblər.
Yunəyirici-Boyaq Fabrikində iki adda məhsul – yuyulmuş yun və boyanmış yun iplik istehsal olunacaq. Məhsullar Almaniya, Çin, İtaliya, Fransa və Türkiyə texnologiyası əsasında hazırlanacaq. Bundan əlavə, istehsal ilk vaxtlarda xarici mütəxəssislərin nəzarəti altında aparılacaq. Xüsusilə qeyd edək ki, burada istehsal edilən ipliklər təbii boya ilə boyanacaq.
Mütəxəssislər deyir ki, Yunəyirici-Boyaq Fabrikinin işə salınması ölkəmizdə xalçaçılığın inkişafına dəstək verəcək. Belə ki, burada istehsal olunacaq iplikdən ildə 5 min kvadrat metr xalça toxunacaq. Hədəf isə istehsalı 10 min kvadrat metrə çatdırmaqdır.
Bu il xalça istehsalında daha bir yenilik ediləcək. Ənənəvi çeşnilər əsasında modern xalçalar toxunacaq.
Görülən tədbirlərin nəticəsi olaraq ölkəmiz idxalçıdan xalça və xammal məhsulları ixracatçısına çevriləcək. Xarici bazarlara ildə 50 ton xalça ipliyi, 100 ton tekstil ipliyi, 600 tondan çox yuyulmuş yun ixracı planlaşdırılır. Ümumiyyətlə, proqnozlara görə, yaxın 5 il ərzində Azərbaycan dünyada nəinki xalça istehsalçısı, həm də dünyanın xalça ticarət mərkəzinə çevriləcək.
Samir Səfərov