“Məktəbləri bağlamışıq, mollarda, bazarlarda isə insanlar qaynaşır” - AZTV-DƏ MİLLƏT VƏKİLİNDƏN SƏRT TƏNQİD

“Məktəbləri bağlamışıq, mollarda, bazarlarda isə insanlar qaynaşır” - AZTV-DƏ MİLLƏT VƏKİLİNDƏN SƏRT TƏNQİD

16 Mart, 17:16 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasında (AzTV) aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə gedən “Əsas məsələ” tok-şousunda qlobal miqyasda sürətlə yayılan koronavirusla bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya şəraiti, bu şəraitdə necə davranmalı olduğumuz, virusla bağlı dünyada və ölkəmizdə son vəziyyət şərh olunub.

Millət vəkili Musa Quliyev qeyd edib ki, bu, olduqca ciddi məsələdir: “Son 100 ildə bu, ikinci pandemiyadır. Birincisi, onun vaksini yoxdur, ikincisi, bu virusun özünü necə aparacağı ilə bağlı bir təcrübə yoxdur. Hələlik bu virusdan qorunmağın yeganə yolu izolyasiyadır. İnsanlarımız ehtiyatlı olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda görülən işləri çox yüksək qiymətləndirib. Ancaq hər birimiz bu məsələnin ciddiliyini qiymətləndirməliyik. Gedirsən, bazarlarda insanlar qaynaşır. Heç biri də profilaktik tədbirlər görmür. Bir tərəfdən məktəbləri bağlamışıq, o biri tərəfdən mollarda insanlar qaynaşır”.

Millət vəkili Fazil Mustafa 2012-ci ildə dünyanın dağılması ilə bağlı dezinformasiyaları xatırladıb: “Həmin vaxt əhali mağazalarda şam və kibriti tükətdi. “Qara bayram”da hamı bir-birinin evinə gedir. Bayramın qarası olmur. Bunun “qara”sını haradan kəşf etmisiniz?! Dinə aid olmayan bəzi adətlərin girovuna çevrilmişik. Virusun da belə şəraitdə yayılma riski böyükdür. Və ya manatı dollara çevirmək üçün yaradılan növbələrdə bu təhlükə var. Onlarla valideyn görürəm ki, uşağı marketin içində sürüyür. Bayrama münasibət də dəyişməlidir. Bu bayramda evinizdə oturun, televiziyada verilən mahnılara oynayın. Küçəyə çıxmayın, təmasları azaldın”.

Millət vəkili, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov bildirib ki, bu gün cəmiyyət ümumbəşəri problemlə üz-üzədir: “Azərbaycan bu təhlükəyə qarşı vaxtında və lazımınca reaksiya verdi. Karantin deyilən hal xəstəliyi müalicə etmək deyil. Xəstəliyin başqa insanlara keçməməsi üçün onu təcrid olunmuş vəziyyətdə saxlamaqdır. Biz bunları qarışdırmamalıyıq. ÜST ölkəmizdə bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirir”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov qeyd edib ki, hazırkı durumda cəmiyyətin üzərinə böyük məsuliyyət düşür: “Biz və italyanlar adətən emosiya ilə hərəkət edirik. Belə olan halda şüur bir qədər kölgədə qalır. Bəzi dəyərlərimizə də bu fürsətdən istifadə edərək, bir daha baxmalıyıq. Məsələn, görüşərkən öpüşmək, qucaqlaşmaq və s. ”.

Verilişin gedişatında müxtəlif müxbir postları ilə, eyni zamanda İsraildən beynəlxalq məsələlər üzrə Arye Qutla canlı bağlantılar qurulub.

CANLI YAYIM